Türkiyədə Rusiya vətəndaşlarının geniş istifadə etdiyi ininal ödəniş kartları sıradan çıxarılıb.
Hafta.az-ın “Business FM”inadən yazdığına görə, kartlar artıq mağazalarda və ya onlayn alış-veriş üçün işləmir. Bundan başqa, Rusiyanın aparıcı banklarından VTB və MTS Türkiyədə QR kodlu ödəniş sistemlərini işə salıb. Sberbank da oxşar sistemi sınaqdan keçirməyə başlayıb.
İninal kartları rusiyalı turistlər və abunəliyini xaricdə davam etdirmək istəyən Rusiya vətəndaşları üçün mühüm ödəniş vasitəsi idi. Kartlar Türkiyədəki bir çox mağaza və onlayn platformada istifadə oluna bilərdi, fiziki versiyaları hətta bəzi mağazaların kassalarında satışa çıxarılırdı. Bununla belə, şirkətin qurucusu Erkan Qorkun çirkli pulların yuyulması və qanunsuz fəaliyyətinə görə həbs olunduqdan sonra İninal kartlarından istifadənin dayandırıldığı bildirilir.
Digər tərəfdən Rusiya banklarının QR kod əsaslı ödəniş sistemləri Türkiyədə istifadəyə verilib. Bank VTB rublla edilən ödənişləri birbaşa lirəyə çevirərək komissiyasız əməliyyatlar aparmağa başlayıb. MTS Bank öz istifadəçilərinə Moy MTS tətbiqi vasitəsilə QR kodu ilə ödəniş etmək imkanı təklif edir. Sberbank analoji sistemi martın sonuna qədər istifadəyə verməyi planlaşdırır. Maliyyə ekspertləri bildirirlər ki, bu sistem xüsusi olaraq ikinci dərəcəli sanksiyaların qarşısını almaq üçün qurulub və uzunmüddətli perspektivdə dayanıqlı ola bilər.
Yeni QR kod ödəniş sistemi xüsusilə Türkiyədə tez-tez səyahət edən və ya burada uzun müddət qalan Rusiya vətəndaşları üçün alternativ həll yolu olaraq görülür. Bununla belə, hazırda bu sistemi həqiqətən istifadə edən və təcrübədən keçirən insanlardan kifayət qədər rəy yoxdur. Bu yeni ödəniş üsulu ilə bağlı müzakirələr Türkiyədəki rus icmalarında və turizm forumlarında davam edir.