Sazişin imzalanması üçün tələblər qəbul edilsə də, bəzi detallar açıq qalır
2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə başlanan sülh prosesi özünün mühüm mərhələsini yaşayır. İllərdir ki, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan axır ki, Azərbaycanın haqlı tələblərini qəbul edib. Xarici işlər naziri Ceyhun Bayramov da jurnalistlərə açıqlamasında bildirmişdi ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.
İrəvan da razılaşdırma prosesinin yekunlaşmasını təsdiqləyib. Maraqlıdır ki, dünənə qədər danışıqları uzatmaq, manipulyasiyaya əl atmaq üçün fürsət axtaran Ermənistan indi özünü sülhpərvər donda təqdim etmək üçün əldən ayaqdan gedir. Hətta müəyyən ştrixlərlə Ermənistanın məsələni beynəlxalq səviyyədə “diqqət mərkəzinə” salmaq üçün səyləri müşahidə olunur. Vəziyyətlə bağlı aydınlaşdırmalar verilir, məlumatlandırmalar aparılır...
Paşinyanın yeni “oyunu” - sülhpərvərlik...
Məsələn, müqavilə ilə bağlı detalların razılaşdırılmasının ardından Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti, İranın dövlət başçısı və Fransanın prezidenti ilə telefonla danışıb. Paşinyan danışdığı dövlət liderlərinə Bakı ilə İrəvan arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirib.
Ortada bəzi məqamlar var ki, bunlar açıq suallar yaradır. Məsələn, danışıqlar prosesi iki dövlətin arasında gedib və bununla bağlı hansısa bir xarici ölkə rəhbərinə məruzə etmək hansı ehtiyacdan yaranıb?
Sülhlə bağlı sənədin müddəalarının razılaşmasının Ermənistan tərəfindən bu qədər “həvəslə” yayılmasının arxasında isə yenə də fərqli mahiyyət dayanır - təəssüfləndirici haldır ki, burada da manipulyasiya boy göstərir. Ermənistan bu “məlumatlandırması” ilə “özünəməxsus görüntü yaratmağa çalışır. Yəni Ermənistan artıq danışıqlar prosesinin bitdiyini elan edir - sülhün imzalanması üçün öz təbirincə hər hansı bir maneənin qalmadığının təbliğatını aparır. Amma, əslində, vəziyyət tam fərqli bir mənzərəyə əsaslanır. Ermənistanın sülh sənədi ilə bağlı Azərbaycanın təkliflərini qəbul edərək “prosesin bitdiyini” yayması sadəcə olaraq, özünü sığortalamağa və prosesi yenə də yarımçıq vəziyyətdə saxlamağa yönəlik addımdır. Əslində, Paşinyan bu kimi “məlumatlandırmalar” vasitəsilə prosesi indiki vəziyyətdə “bloklamağa” cəhd göstərir.
Sülh üçün növbəti mərhələ...
Bunun səbəbi isə aydındır - Ceyhun Bayramov da sülh sənədi ilə bağlı razılaşma barədə danışarkən bildirmişdi ki, növbəti addım olaraq Azərbaycanın gözləntisi Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsidir: Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Bəli, Ermənistanın da iddia etdiyi kimi artıq prosesi yekunlaşmış saymaq olmaz. Prosesin sadəcə, müəyyən bir mərhələsi arxada qalıb. Sülhün ərsəyə gəlməsi üçün onun zəmini yaradılmalıdır. Bu sülhün əbədiliyinin təminatı uçün Ermənistan bir sıra addımlar atmalıdır. Əks halda, indiki razılaşmalar elə də fundamental əhəmiyyət daşımayacaq. Nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik etməyib, ATƏT-in Minsk Qrupunun ləğvi üçün addımlar atmayıb və Zəngəzur dəhlizinin açılması üçün müsbət mövqe sərgiləməyib, sülhə nail olunması görüntüsü yalnız görüntü xarakterli olacaq...
Konstitusiya dəyişməli, ATƏT ləğv edilməlidir...
Vurğulandığı kimi, sülh üçün əsas amillər hələ də açıq qalmaqdadır. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərtdən biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına idldia ortaya qoyur. Beləliklə, sülh üçün ilk addım Ermənistanın bu əsassız idiadan geri çəkilməsi və özünün əsas sənədində bu səhvi aradan qaldırmağa yönəldilməlidir.
Digər məqam isə vaxtilə “münaqişə”nin tənzimlənməsi üçün yaradılmış və artıq heç bir işə yaramayan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı məsələnin İrəvan tərəfindən dəstəklənməsidir. Artıq “Qarabağ münaqişəsi” adlı bir mövhum mövcud olmadığı üçün, belə bir “vasitəçi mexanizmə” də ehtiyac qalmır. Azərbaycan ilə Ermənistan arasındakı münasibətlər isə qlobal gündəliyi maraqlandıran bir məsələ deyil, ikitərəfli kontekstdə həll olunan bir məsələdir - nəticə etibarı ilə ATƏT-in Minsk Qrupunun mövcudluğuna real olaraq ehtiyac duyulmur. ATƏT-in Minsk Qrupundan imtina edilməməsi də təhlükəli məqamları özündə əks etdirir. Qarşıdakı dövrdə Ermənistan hakimiyyətinin məhz ATƏT-in Minsk Qrupuna “söykənərək” özünün əsassız idialarını yenidən işə salmayacağının təminatını vermək mümkün deyil...
Zəngəzur dəhlizi açılmalıdır...
Nəhayət, sülhün zəmininin formalaşdırılmasına rəvac verəcək mühüm bir detal - Zəngəzur dəhlizinin açılması təmin edilməlidir. Sülh prosesi çərçivəsində aktiv müzakirə edilən məsələlərdən biri də məhz Zəngəzur dəhlizidir. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradıb. Qeyd edək ki, müzakirə edilən bu dəhliz müasir “Böyük İpək yolu”dur. Başqa sözlə, “Şərq-Qərb” ticarət yolunun ən mühüm seqmentlərindən biri kimi meydana çıxan Zəngəzur dəhlizi adıçəkilən tranzit xətt üzrə mühüm üstünlüklər formalaşdırır.
Ən əsası isə bu dəhliz Azərbaycandan Azərbaycana, yəni Naxçıvana ən qısa və optimal yol sayılır. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirmişdi ki, biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.
Bəli, Ermənistan iddia etdiyi kimi sülhpərvərdirsə, irəli sürülən bu məsələlərin həllini tezləşdirməlidir. Əks halda, Paşinyanın xarici dövlət başçılarına zənglərinin də manipulyasiya olması bütün parametrlər üzrə bir daha təsdiqlənəcək...
P.İSMAYILOV