Yalçın İslamzadənin məlum yazısı hələ ortaya çıxmadan facebook hesabımda bu fikrin həm yanlış, həm də zərərli olduğunu dəfələrlə yazdım və müzakirəyə açdım. Bu mövzuya dair ən az 4-5 yazı yazdım, bəziləri mətbuatda dərc olundu. Daha sonra Yalçın İslamzadənin, mənim fikrimcə, əsaslı və sanballı yazısına münasibət bildirdim və açıq şəkildə onun fikirlərinin dəstəklədim. Müşfiq Şükürovla bu mövzu barədə şəxsi söhbətimiz də oldu: ona etirazlarımı bildirdim, fikirləri ilə razı olmadığımı dedim, etiraz etdim. Bir tərəfdən də, həmkarım olduğuna görə, bu mövzu barədə yazdıqlarımda diqqətli olmağa çalışıram ki, münasibətlərə zərər gəlməsin. Fəlsəfə ənənəsindən nəsibi olanlar Aristotelin Platonun ideyalar nəzəriyyəsinə etirazına dair iradlara verdiyi cavabı yaxşı bilməlidirlər: "Platon mənim dostum idi, amma həqiqət ən böyük dostumdur!" Amma qarşı cəbhədə duranların eyni etik prinsiplərə riayət etmədiyini gördükdə, bu, məndə təəssüf hissi doğurdu.
İndi gələk əsil məsələyə! Biz nəyə etiraz edirik? "Kişi qadından üstündür" iddiasına! Dünyada, Azərbaycanda gender bərabərliyinin müzakirə edildiyi, yəni qadınların sosial rollarının və fürsət bərabərliyinin təmin olunması, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması mövzularının aktuallaşdığı şəraitdə, birdən-birə "kişi qadından üstündür" müzakirəsinə çevrilməsi, açıqca məndə böyük təəccüb və təəssüf hissi doğurdu. "Kişi qadından üstündür" iddiası ümumiyyətlə nə deməkdir? Burda qadın təbiətindən, fitrətdən söhbət gedir: bunun nə qədər mürtəce, əsassız, bəlkə də, qanuna zidd olduğunu heç düşündünüzmü?
Orta əsrlərdə, qədimdə fərqli kastalara, silklərə aid olanlar bir-birindən üstün qəbul olunurdu: məsələn, ağa nökərdən üstündür, brahmin şüdradan üstündür. Bu, hansı mənaya gəlir? Ağanın nökərdən daha çox hüquqları vardır və ya brahminin şudraya nisbətlər imtiyazları vardır. Ənənəvi İslam hüququnda qadın və kişinin bərabər sayılmadığına da iki misal verim: birincisi, kişiyə qadını birtərəfli boşamaq hüququ verilir - heç bir səbəb göstərilmədən. Amma qadının belə hüququ yoxdur. İkincisi, qadın bir kişini qəsdən öldürərsə, qadın qisas cəzasına görə öldürülür. Amma kişi bir qadını qəsdən öldürərsə, kişi qisas cəzası olaraq öldürülmür, "diyə", yəni təzminat ödəyir. Nə üçün belədir, çünki kişi qadından üstündür. Gördüyümüz kimi, kişinin qadından üstün olduğunun qəbul edilməsinin hüquqi nəticələri vardır. Və biz buna etiraz edirik!
Kişi ilə qadının bərabərhüquqlu olmasının təməlində, cinslər arasında təbiət etibarilə hər hansı bir üstünlüyün olmaması prinsipi ilə birbaşa bağlıdır. Xahiş edirik, fikrinizə aydınlıq gətirin: "kişi qadından üstündür", "qadın bir addım geridə durmalıdır" dedikdə, siz hüquqların bərabər olmamasını da müdafiə edirsiniz, yoxsa başqa şeyi nəzərdə tutursunuz? "Kişi qadından üstündür" , "qadınlar dərin düşünə bilmir" dedikdə, tam olaraq nə demək istəyirsiniz? Bu fikirlər, qadınlara qarşı qərəzli mövqe, tarixi və sosial şəraitdə yaranmış münasibətlərin "təbiətləşdirilməsi", qadınlara qarşı təhqir deyilmi? İki qız atası olaraq, çoxsaylı qız tələbələrim olan bir müəllim olaraq, nəhayət bir ziyalı olaraq mənim etirazım bunlaradır.
Bir xatirəmi də qeyd edib bu mövzunun yekunlaşdırmaq istəyirəm. İstanbulda doktorantura təhsili aldığım 2010-cu illərdə Bədri Gəncər adlı bir sosioloqun seminarına getmişdim. Seminarda sosioloqumuz qadının əsil yerinin evi olduğunu, bunun onun fikri deyil, İslamın belə buyurduğunu qeyd etdi. Seminarda iştirak edən qızlar, başıbağlı və ya baçıaçıq, sərt etiraz etdilər. O gündən sonra onun seminarını tərk etdilər, mən də daha getmədim. Daha sonra mətbuatda Yıldız Teknik Universitetində dərs deyən sosioloqumuzun dərsinin, bənzər fikirlərinə görə, baykot edildiyini gördüm. Sosiologiyanın üz qarası olan bu adam daha sonra, "Allahın halal saydığı evliyiyin təcavüz sayılması səbəbilə, (azyaşlıların evliliyini müdafiə edirdir) "ğayratullanın hərəkətə keçdiyini", fəlakətlərin - zəlzələnin bu səbəbdən baş verdiyini ifadə etdiyini və bunun böyük etirazlara səbəb olduğunu oxudum. Bunları deməkdə məqsədim odur ki, kişi qadından üstündür tipli fikirlərin Türkiyədə (hələ Avrupanı demirəm) səsləndirilsə idi, buna ziyalıların, xüsusilə də qadın ziyalıların reaksiyasının hansı həddə olacağını təsəvvürünüzə gətirməyim üçündür.
Son sözüm qadınlaradır. 8 mart bayramında "qadınların gücü zərafətindədir" deməklə, sizi zərafətə məhkum edənlərə, (kişilərin güclü olmağa məhkum edildiyi kimi), sizi dərin düşünməyən, əzbərçi, gözəl amma çox da ağıllı olmayan, həyatdakı məqsədini kişiyə xidmət edən varlıq kimi təyinatlandıran adamlara qarşı niyə səsinizi çıxarmırsınız? Fikir verin, kimlər bu məsələdə özünü ortaya atıb qadınları müdafiə edir, mübahisəyə girir, garagüruhçuluqda, paxıllıqda, qısqanclıqda ittiham olunur? Siz hardasınız? Niyə özünüzü müdafiə etmirsiniz? Niyə sizi aşağı görənlərin cavabını vermirsiniz ki, bir də cürət edib sizi təhqir etməsinlər.
Düşünürəm ki, qadınları ən yaxşı özləri müdafiə edə bilər. Sizinlə - qadınlarla bağlı olan bu müzakirələrdən kənarda qaldığınız müddətcə daha çox əzilməyə məhkum olacaqsınız, sizin yerinizə başqaları danışacaq, haqlarınız əlinizdən alınacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31