AZ

Ukrayna PUA-ları neft anbarını və boru kəmərini vurdu – İldə 6 milyon ton neft daşıyırdı

Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumundan sonra Rusiyanın Krasnodar vilayətinin Kavkazskaya kəndində neft anbarı yanıb.

Regional əməliyyat qərargahı yanğını təsdiqləyib. Çənlər arasındakı boru kəməri də zədələnib. İlkin məlumata görə itki yoxdur.

Ukrayna mediası OSINT təhlilinə əsaslanaraq müəyyən edib ki, Rusiya neftinin dəmir yolu ilə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) boru kəməri sisteminə ildə 6 milyon ton həcmində nəqli üçün nəzərdə tutulan Kavkazskaya məntəqəsi vurulub.

Fevralın ortalarında Krasnodar diyarında Xəzər Boru Kəməri Konsorsiumunun Kropotkinskaya neft nasos stansiyasına hücum edilib və istismardan çıxarılıb. Daha sonra “Transneft” bəyan edib ki, ciddi zədələnmiş stansiyanın bərpası iki aya qədər vaxt aparacaq və Qazaxıstandan CPC boru kəməri ilə neft tranzitinin həcmi 30% azala bilər.

Hücum çərşənbə axşamı ABŞ və Rusiya prezidentlərinin Ukraynadakı müharibə ilə bağlı telefon danışıqlarından sonra baş verib. Danışıqlar zamanı Vladimir Putin 30 gün ərzində Ukraynanın enerji infrastrukturuna hücumlardan çəkinməyə razılaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin vasitəçiliyi ilə yanacaq-energetika obyektlərinə hücumların dayandırılması üçün Rusiya ilə razılaşmanın mümkünlüyünü etiraf edib, lakin hücumlar davam edərsə, Ukraynanın cavab verəcəyini bildirib.

“AzPolitika.info”

Seçilən
2
azpolitika.info

1Mənbələr