Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə Rüstəmxanlı seçildiyi rayonun problemləri haqqında Media Türk TV-ə danışıb.
Modern.az-ın məlumatına görə, o qeyd edib ki, təmsil olunduğu rayonun problemlərini danışmaqdan çəkinməyib.
Deputatın sözlərinə görə, rayon sakinlərinin ən yaralı yeri su məsələsidir.
"Azərsu" ilə görüşmüşəm, böyük toplantı olub, layihələndirməyə baxıblar. Mütləq bu məsələlər öz həllini tapacaq. Yeniqışlaq kəndi var, mən söz verdim ki, bura mütləq qaz çəkəcəyik. İndi onunla bağlı müraciətlərimiz var. Qaravənli kəndi var hansı ki, rayona ən yaxın kənddir, amma əhali qazsız qalıb. Səbəb kimi göstərirlər ki, evlərin orderləri yoxdur. Bu evlərin orderləri ona görə yoxdur ki, 20-30 il əvvəl bələdiyyə sənədi ilə torpaqlar paylanıb, evlər tikilib, amma torpağın təyinatını Nazirlər Kabineti dəyişməlidir. Ona görə order vermirlər. Əvvəllər çıxarış istəmirdilər, indi çıxarış tələb olunduğuna görə adamlar evinə qaz çəkdirə bilmir, məktəblər qazsızdır”.
Deputat bildirib ki, Qədimkənd məktəbində istilik sisteminin olmaması ilə bağlı dəfələrlə müraciətlər edib, sistem çəkilib, amma hələ də qaz verilmir.
“Bu problemləri mətbuatda da, məktublarımda da qeyd edirəm və mübarizəmizi aparacağıq. Başqalarından fərqli olaraq Azərqaz və digər qurumlara, o cümlədən mədəniyyət, təhsil sahəsində olan problemləri deyirəm, amma bunları dövlətə düşmən mövqeyində olan biri kimi deyil, xalqına-millətinə ürəyi yanan millət vəkili və ziyalı kimi onlardan problemlərin həll olunmasını tələb edirəm və onlar da düşünürəm ki, bu məsələlərə bizim kimi həssaslıqla yanaşacaqlar və yanaşırlar da. Məsələn Həsənabad məktəbinin təmiri həm Heydər Əliyev Fondu, həm də Elm və Təhsil Nazirliyi öz boynuna götürüb”- deyə millət vəkili sonda qeyd edib.