Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı qlobal dəyişikliklər və yeni dünya nizamı, hazırda dünyada yaşanan geosiyasi transformasiya dövrü və Cənubi Qafqazda vəziyyətlə bağlı fikirləri olduqca vacibdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, uzun illər mövcud olan beynəlxalq qaydalar artıq keçmişdə qalıb və yeni nizam formalaşma mərhələsindədir. “Bəs bu yeni qaydalar necə müəyyənləşdirilir? Onları kim müəyyənləşdirir? Dünya siyasəti hansı istiqamətdə gedir? Bu suallar hələ də açıq qalır və qlobal ictimaiyyətin əksəriyyəti bu suallara aydın cavab tapa bilmir.
Dövlətlərin daxili gücünə arxalanması zərurəti artıq hər bir ölkənin öz daxili siyasətinə və iqtisadi imkanlarına daha çox önəm verməyini labüd edir. Xarici yardımlara, hətta beynəlxalq hüququn qorunacağına olan inam və etimad azalır. Çünki beynəlxalq hüquq çox vaxt selektiv şəkildə tətbiq olunur və ədalət prinsiplərinə əsaslanmır.
Azərbaycan bu reallığın ən bariz nümunələrindən biridir. Otuz il ərzində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, real addımlar atılmadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı və işğalın qarşısını almaq üçün heç bir beynəlxalq mexanizm işləmədi. Azərbaycan yalnız öz daxili resurslarına güvənərək ərazi bütövlüyünü və ədaləti təmin etdi”, - deyə deputat bildirib.
P.Vəliyeva hər bir ölkənin gələcəyinin öz əlində olduğuna və heç bir beynəlxalq institutun həmin ölkənin suverenliyini onun qədər qoruya bilməyəcəyinə diqqət çəkib: “Beynəlxalq insan haqları təşkilatları bəzi hallarda, siyasi təsir aləti kimi istifadə olunur. Çünki bu təşkilatlar tez-tez siyasi və iqtisadi maraqlara xidmət edir, obyektiv və neytral mövqedən çıxış edə bilmirlər.
Nəticə etibarilə, dövlətlər çoxtərəfli institutlardan daha çox ikitərəfli və regional əməkdaşlıqlara üstünlük verməyə başlayır. Hazırkı proseslər onu göstərir ki, dünya hələlik böyük transformasiyanın ilkin mərhələsindədir. Azərbaycan bu dəyişən dünya nizamında sabit, güclü və müstəqil siyasət yürüdərək, öz milli maraqlarını qorumağa davam edəcək. Biz artıq daxili resurslarımıza güvənərək uğur qazandıq və gələcəkdə də bu strategiya ilə irəliləyəcəyik. Biz sübut etdik ki, müstəqil siyasət və güclü daxili resurslar ölkənin suverenliyini təmin edən əsas amillərdir.
Yeni dünya düzənində, geosiyasi tektonik dəyişikliklər fonunda ölkəmizin mövqeyinin, onun xarici siyasət kursunun yeni çağırışlara necə cavab verəcəyini yalnız Müzəffər Ali Baş Komandan bilir və biz isə onun uğurlu, uzaqgörən və qətiyyətli siyasətinə inanırıq”.