AZ

Beynəlxalq Bankın səhminə sahib olanlar illik 15,6% qazanacaqlar

"2024-cü ilin maliyyə nəticələri üzrə, ABB-nin (Azərbaycan Beynəlxalq Bankı - red) hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq".

Marja.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. 

Bankın sədri qeyd edib ki, bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatımıza kənar auditor rəyi verilib:

"ABB maliyyə qrupu ili 360 milyon manat məbləğində xalis mənfəətlə başa vurub. Bu nəticələr səhmdarlarımıza hər il olduğu kimi yüksək dividend ödəməyimizə imkan yaradır. Bank menecmenti olaraq biz səhmdarlarımıza 200 milyon manat dividend ödənilməsini təklif etmişik. Yeddi ildir, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividendlər ödəyirik. Bu il nəzərdə tutulan 200 milyon manatlıq məbləğ isə son yeddi ilin rekord dividend məbləğidir. 

7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək".

Qeyd edək ki, bu ilin 7 mayında ABB Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. Artıq bununla bağlı bildiriş yayılıb. Yığıncağın gündəliyindəki aktual məsələlərdən biri də səhmdarlara 2024-cü ilin mənfəətindən dividend ödənişi ilə bağlıdır. Bank ötən il uğurla həyata keçirilmiş səhm emissiyasından sonra bu il ilk dəfə olaraq kütləvi sayda, yəni 30 mindən çox səhmdarı ilə öz qazancını bölüşəcək. 

Seçilən
2
1
marja.az

2Mənbələr