Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
Qüdrət bəy, Ermənistanla sülh sazişinin mətninin razılaşdırılması barədə xəbəri necə qarşıladınız? Tezliklə sülh sazişi imzalana bilərmi?
- Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan sülh sazişinə dair tələblərini Ermənistanın qəbul etməsi böyük diplomatik uğurdur. Bu məsələdə Prezidentin güclü siyasi iradəsi və Ermənistana göstərdiyi təzyiqlər öz rolunu oynadı. Sülh sazişinin imzalanması, yaşadığımız regionun inkişafı üçün bölgədə maraqları olan böyük dövlətlərin də bunu istəməsi lazımdır. Əks halda sülh və regionda sabitlik davamlı ola bilməz. Ona görə də biz böyük dövlətlərlə bu istiqamətdə apardığımız işi gücləndirməliyik. Sülh sazişi imzalanandan və müəyyən islahatlar aparılandan sonra biz iqtisadiyyatımıza böyük sərmayə qoyuluşuna nail ola bilərik. Sülh sazişinin nə zaman imzalanması yalnız bizdən asılı olan məsələ deyil. Daxildə bu və ya digər problemlərin həllinə dair fərqli baxışlar ola bilər. Amma ümummilli məsələlərdə bir-birimizə, xüsusilə xalqın dövləti təmsil etmək üçün mandat verdiyi, Qarabağın işğalına son qoyub dövlət suverenliyini bərpa edən Prezidentə güvənməliyik. Bizim bilmədiyimiz çoxlu məsələlər var. Azərbaycan təbii müttəfiqləri və zamanın sınağından çıxmış dostları ilə məsləhətləşmələr aparır, doğru zamanda Prezident sülh sazişini imzalayacaq.