Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu istər mövzusu, istərsə də əhatə dairəsi ilə dünyanın diqqətini cəlb etməyi bacardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirdiyini vurğulayan T.Cəfərova ölkəmizin qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrildiyini bildirib.
“Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. XII Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir. Azərbaycan Prezidenti öz müsahibəsində bir daha diqqətə çatdırdı ki, artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların qərar və qətnamələri bəşəriyyət üçün fəlakətə gətirib çıxarır”, - deyə deputat qeyd edib.
T.Cəfərova bildirib ki, Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıb. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT təhlükəsizlik şurasının dörd qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər. Belə olan halda beynəlxalq aləm bu məsələlərə laqeyd yanaşıb, beynəlxalq hüququn normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü, qüdrəti hesabına torpaqlarını işğaldan azad edib.
Deputat təəssüflə qeyd edib ki, bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təzyiqlər göstərilib. Prezident İlham Əliyev bu faktları öz müsahibəsində geniş şərh edərək diqqətə çatdırıb ki, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də dünyada baş verən hadisələrin nizama salınması üçün hələ uzun illər lazım olacaq.
“Azərbaycan Prezidenti bir daha vurğuladı ki, aparıcı dövlətlərin hadisələrə, beynəlxalq normalara bilavasitə öz mənafeləri mövqeyindən yanaşması münaqişələrin aradan qaldırılmasına maneələr yaradır”, - deyə Tamam Cəfərova bildirib.