AFFA İntizam Komitəsi çox sayda komandaya texniki məğlubiyyət verib.
Msport.az xəbər verir ki, onlar arasında Region Liqasının iki komandası da olub.
Belə ki, “Ümid”lə (Saatlı) oyunda lisenziyası olmayan futbolçular meydana buraxan “Ərgünəş” (Füzuli) 0:3 hesablı texniki məğlubiyyət alıb. Həmçinin “Mil”lə görüşdə heyətində başqa komandanın futbolçusunu oynadan “Sabirabad” da eyni cəzaya məruz qalıb.
U-13 Liqasında keçirilməli olan “Uğur” (Mingəçevir) – “Qala” (Bərdə) qarşılaşması birincilərin təyin edilən vaxtda gəlməməsi ucbatından baş tutmayıb. “Uğur” cari mövsüm üçüncü dəfə texniki məğlubiyyət aldığı üçün yarışlardan kənarlaşdırılıb.
Bundan başqa, U-14, U-12, U-13 Qızlar Liqası və Yüksək Qızlar Liqasından da komandalara texniki məğlubiyyət verilib.