Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az həmin qərarların siyahısı ilə sizi də tanış edir:
Azərbaycan Premyer Liqası, 27-ci tur
“Kəpəz” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.
“Sabah” – “Zirə” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.
“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib.
Birinci Liqa, 18-ci tur
“Cəbrayıl” – “Difai” oyununda “Cəbrayıl”da 4 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 25-ci dəqiqəsində “Cəbrayıl”ın futbolçusu Samir İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Cəbrayıl” buna görə 100 manat cərimə edilib. Oyunun 76-cı dəqiqəsində “Cəbrayıl”ın digər futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Cəbrayıl” buna görə də 50 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” 80 manat cərimə edilib.
“Mingəçevir” – MOİK oyununda “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 27-ci tur
“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə Tovuz komandası 80 manat cərimə edilib.
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə Naxçıvan komandası 80 manat cərimə edilib. Oyunun 56-cı dəqiqəsində “Şamaxı”nın futbolçusu Rüfət Zülfüqarlı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Şamaxı” buna görə 50 manat cərimə edilib.
“Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail” azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə sözügedən kluba xəbərdarlıq edilib. “Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün bu klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Neftçi”nin qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Neftçi” buna görə 200 manat cərimə ödəyəcək.
“Sabah-2” – “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə”nin futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Zirə” buna görə 300 manat cərimə edilib.
“Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz”də 4 nəfər sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib.
AFFA Region Liqası və…
AFFA İntizam Komitəsi yenicə start götürmüş Region Liqasının oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:
“Ərgünəş” (Füzuli) – “Ümid” (Saatlı) oyununda “Ərgünəş”in heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə Füzuli komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Sabirabad” FK – “Mil” FK oyununda “Sabirabad”ın heyətində başqa komandanın futbolçusu meydana çıxdığına görə “Sabirabad”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Salyan” OİK – “Qobustan” FK oyununda “Qobustan”ın futbolçusu Tural Nəhmətli hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalanıb. Oyun bitdikdən sonra “Qobustan”ın baş məşqçisi Elbrus Baxşəliyev hakimin üzərinə hücum etdiyinə, onu vurmağa cəhd etdiyinə görə 5 oyun cəzalanıb. “Qobustan”ın futbolçusu Samin Gülməmmədov hakimləri təhqir etdiyinə, onları vurmağa cəhd etdiyinə görə 4 oyun cəzalanıb.
“Əmirli” FK – “Çinar Zəngilan” FK oyununda “Əmirli”nin futbolçusu Mirzəxan Bəyalızadə hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb. “Çinar Zəngilan”ın futbolçusu Elcan Sarıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
İK AFFA-nın bayrağı altında keçirilən digər yarışlarla da bağlı bəzi qərarlar qəbul edib:
U-14 Liqasının “Baku Sportinq” FK –“Zəngəzur” FK oyunu “Zəngəzur” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının “Mil” (Beyləqan) – “Çinar” (Göyçay) oyunu “Çinar” komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığına görə Göyçay komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Uğur” (Mingəçevir) – “Qala” (Bərdə) oyunu “Uğur” komandası təyin edilən vaxtda gəlmədiyi üçün baş tutmadığı üçün “Uğur”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Uğur” yarışlardan kənarlaşdırılıb.
U-12 Liqasının “Qartal” FK – “Gənclər” PFM oyunu “Qartal”ın heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə “Qartal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Qızlar Liqasının “Xan Lənkəran” FK – “Sumqayıt” PFK oyununda “Xan Lənkəran” protokolda adı olmayan oyunçu oynatdığına görə Lənkəran komandasına texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Baku Juniors” – “Sumqayıt” FK oyunu “Baku Juniors” protokolu (heyəti) təqdim etmədiyinə görə baş tutmadığı üçün “Baku Juniors”a 0:3 hesablı texniki məğlubiyyət verilib.