“Səbail”in yarımmüdafiəçisi Rüfət Abdullazadənin Futbolxeber.az saytına müsashibəsi
- Azərbaycan Premyer Liqasının 27-ci turunda “Neftçi”yə uduzdunuz. 1:2 hesablı məğlubiyyəti necə şərh edərdiniz?
- Oyunun çətin keçəcəyini bilirdik. Təəssüf ki, istəyimizə nail ola bilmədik. Meydana 3 xal üçün çıxmışdıq. Əlimizdən gələni etsək də, uduzduq. Başqa bilmirəm nə deyim. Uduzmaq həqiqətən də çox üzücüdür.
- Yarım saatın tamamında rəqib artıq 2 dəfə fərqlənmişdi. Oyuna belə zəif başlamağınıza səbəb nə idi?
- Həftə boyu matça yaxşı hazırlaşmışdıq. Startın belə uğursuz alınmasının səbəbini söyləmək çətindir. Həm də deməzdim ki, matçın əvvəlində “Neftçi”nin aşkar üstünlüyü var idi. Əslində, rəqibdə olduğu kimi, bizdə də qol epizodları oldu. Sadəcə onlar şanslarından yararlana bildilər, biz isə yox. “Neftçi” hesabı erkən açdı. Sonradan toparlansaq da, yekunda məğlubiyyətdən qaçmaq mümkün olmadı.
- Yəni 0:2-dən sonra hələ də oyunu xilas edəcəyinizə ümidiniz itməmişdi?
- Təbii ki, yox. Hamımız bir-birimizə inanırdıq. Ən azı 1 xal götürə bilərdik. Amma alınmadı. Şanslarımız da oldu. Heç cür ikinci qolu vura bilmədik.
- Növbəti turda səfərdə “Kəpəz”lə qarşılaşacaqsınız. Arada 5 xal fərq olduğunu və sona 9 tur qaldığını nəzərə alsaq, həmin matçı “Səbail” üçün finala bərabər hesab etmək mümkündür?
- Final saymaq olar. Həmin matça da çox ciddi hazırlaşacağıq. Qələbə qazanmaq və xal fərqini azaltmaq istəyirik. Əslində, qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabərdir.
- “Neftçi” ilə matçda vurduğunuz möhtəşəm qolu milli komandamızın baş məşqçisi Fernandu Santuşa mesaj kimi qəbul etmək olar?
- Xeyr, bu, mesaj deyil. Elə qəbul etmirəm. Bu, mənim necə deyərlər, özümə aid bir şeydir.
- Hər halda çoxları sizin nəhayət bu dəfə milliyə dəvət alacağınızı gözləyirdi...
- Təbii ki, mən də milli komandadan dəvət gözləyirdim. Lakin çağırmadılarsa, bu, dünyanın sonu deyil. Qarşıdakı matçlarda özümü daha yaxşı tərəfdən göstərib növbəti toplanışlara dəvət ala bilərəm. Hər zaman üzərimdə çalışıram. Milliyə dəvət almağı arzulayıram. Ümid edirəm ki, qarşıdakı toplanışlara çağırılacağam.
- “Neftçi” ilə oyundan sonra komandanızda baş məşqçi dəyişikliyi oldu. Bu barədə fikirləriniz necədir?
- Bizim işimiz meydana çıxıb futbol oynamaqdır. Bu məsələlər barədə rəhbərlik qərar qəbul edir. Elvin Məmmədov buna qədər də məşqçilər korpusunda yer alırdı. Komandanı tanıyır. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edib Premyer Liqadakı yerimizi qoruyacağıq.
İdman.biz