Quba, 19 mart, Elxan Yusifli, AZƏRTAC
Ötən il Novruz bayramı günləri üçün şimal bölgəsindəki turizm obyektləri və hotellər əvvəlcədən sifariş olunaraq tam dolmuşdu. Bu il isə ötənilki göstərici yarıbayarı azalıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turizm mərkəzlərinin əməkdaşları bunu tətil günlərinin müsəlmanların mübarək Ramazan ayı ilə eyni vaxta təsadüf etməsi ilə əlaqələndirirlər.
Qubanın İkinci Nügədi kəndində yerləşən istirahət mərkəzinin meneceri Tural Əhmədli bildirib ki, bu il bayram ərəfəsində əvvəlcədən sifariş verən qonaqların əksəriyyəti paytaxt Bakıdan olan yerli turistlərdir.
“Bu il bayram tətili günləri Ramazan ayı ilə eyni vaxta düşdüyü üçün durğunluq müşahidə olunur. Hazırda mərkəzdə əvvəlcədən bron olunmuş yerlər 40-50 faiz arasındadır. Halbuki ötən il nömrələr əvvəlcədən 100 faiz dolmuşdu. Bizim əcnəbi qonaqlar arasında ərəb ölkələrindən turistlər çoxluq təşkil edir. Novruz tətili günləri müqəddəs Ramazan ayı ilə eyni vaxtda olduğundan bu il onlar da çox az yer sifariş veriblər. Əvvəlcədən bron olunan yerlərin cəmi 2-3 faizi əcnəbilərin payına düşür. Ümid edirik ki, sifarişlərin sayı artacaq”, - deyə Tural Əhmədli söyləyib.
Turizm obyektlərinin qiymət siyasətində də müəyyən dəyişikliklər var. Ötən illə müqayisədə bu il turistlər təklif olunan xidmətlərdən daha münasib qiymətə istifadə edə bilərlər.
“Ötən il iki nəfər üçün bayram paketlərinin qiyməti 250-300 manat idi. Bu il isə 2 nəfər 200 manat ödəməklə həmin xidmətlərdən yararlana bilər. Buraya hoteldə gecələmə, qidalanma və bayramla əlaqəli şou proqramlar daxildir”, - deyə Tural Əhmədli bildirib.
Qubada yerləşən daha bir istirahət mərkəzinin meneceri Tale Mürşüdlü də bu il Novruz tətili günlərində qonaqların ötən illə müqayisədə az olduğunu təsdiqləyir: “Bizim istirahət mərkəzində 2, 4 və 6 nəfərlik kotteclərimiz var. Taxta və daş kotteclərdir. Keçən illə müqayisədə doluluq səviyyəsi aşağı düşüb. Hazırda kotteclərimizin 50-55 faizi əvvəlcədən sifariş edilib. Qiymətlər adi günlərdə standart iki nəfərlik kottec üçün 90-100 manatdır. Amma bayram günlərində paketə əlavə xidmətlər, şou proqramlar da daxil olduğundan qiymətlər fərqli olur. Bayram günlərində iki nəfərlik yerləşmənin qiyməti 180-200 manatdır”.
Quba turistlərin istirahət üçün ən çox səfər etdiyi rayonlar arasındadır. Paytaxt Bakı ilə məsafənin yaxınlığı və geniş turizm imkanları bu bölgəni qonaqlar üçün daha cəlbedici edir. Qubaya gələn turistlərin istirahət edə biləcəyi 5 əsas turizm marşrutu var. Bunlardan ən populyarı Quba-Xınalıq turizm marşrutudur. Quba-Xanagah, Quba-Qrız, Quba-Afurca, Quba-Qırmızı qəsəbə turizm marşrutları ilə səyahət zamanı da turistlər rayonun zəngin tarixi, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olmaq, əsrarəngiz təbiət mənzərələrini seyr etmək imkanı var.