
Uzun uçuşlarda saatlarla hərəkətsiz oturmaq ciddi sağlamlıq riskləri yaradır.

E-saglam.az xəbər verir ki, Nyu Yorkdakı Mount Sinai Xəstəxanasının kardioloqu Dr. Deepak Bhatt uzun müddət hərəkətsiz qalan sərnişinlərin qan laxtalanması və ölümcül ağciyər emboliyası (PE) riski altında olduğunu bildirib. O, uzun məsafəli uçuşlarda sərnişinlərin hər iki saatda bir dəfə hərəkət etməsinin, gəzməsinin və ayaqlarını uzatmasının vacibliyini vurğulayıb.
Kanada vətəndaşı Emili Jansson bu təhlükənin canlı nümunəsinə çevrilib. Torontodan Dubaya gedən 13 saatlıq uçuşun onuncu saatında tualetə getmək üçün ayağa qalxarkən qəflətən yıxılıb. Həkimlər onun ağciyərlərinə gedən əsas arteriyanın bağlandığını və ölüm riski altında olduğunu açıqlayıblar.
Pulmoner emboliya adətən ayaqlarda meydana gələn dərin ven trombozu (DVT) nəticəsində yaranır. Qan laxtaları hərəkətsizlik səbəbindən ayaqlarda toplanır, sonra isə ağciyərlərə gedərək həyati təhlükəsi olan ağırlaşmalara səbəb olur. Hər il ABŞ-də 900.000 nəfərə ağciyər emboliyası diaqnozu qoyulur və bu xəstələrin 10-30 faizi bir ay ərzində vəfat edir.
Jansson idmanla məşğul olmasına baxmayaraq, belə bir vəziyyətlə qarşılaşdığına təəccübləndiyini bildirib. Mütəxəssislər isə təkcə idmanın laxtalanmanın qarşısını almadığını, uzun müddət hərəkətsiz qalmağın əsas risk faktoru olduğunu vurğulayırlar.
Uzun uçuşlarda görüləcək tədbirlər:
- Hər 2-3 saatdan bir ayağa qalxıb gəzin.
- Ayaqlarınızı uzadın və topuqlarınızı hərəkət etdirin.
- Bol su için və bədəninizi susuz qoymayın.
- Spirtli içkilərdən çəkinin.
- Ayağa qalxa bilmədikdə oturarkən ayaq biləyi və baldır məşqləri edin.
Mütəxəssislər varikoz damarlarından əziyyət çəkən və ya hormonal kontraseptiv həblər istifadə edən şəxslərin daha diqqətli olmalı olduğunu bildirirlər. Dr. Bhatt sağlam insanlar üçün sıxılma corablarının sübut edilmiş faydasının olmadığını əlavə edib.
Ağciyər emboliyası keçirən şəxslərin 30%-də bu vəziyyət yenidən təkrarlanır. Janssonun da mütəmadi tibbi yoxlamalardan keçəcəyi və qan durulaşdırıcı dərmanlardan istifadə edəcəyi bildirilir.
Ağciyər emboliyası koronar arteriya xəstəliyi və insultdan sonra üçüncü ən çox rast gəlinən ölümcül ürək-damar xəstəliyi hesab olunur. Hər il təxminən 100 min insan bu xəstəlikdən dünyasını dəyişir.
Tərcümə: Könül Oruc