İranın “Pouya Air" aviaşirkətinə məxsus İL-76 yük təyyarəsi 18 martda Hindistana uçub, daha sonra Ermənistan hava məkanında görüntülənib.
Bu barədə “44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ermənistan bu kanallarla Hindistandan İranın dəstəyi ilə silah tədarük edə bilər:
“Həmçinin bu kimi addımlar silahlanmanı intensivləşdirmək və daha az diqqət çəkmək üçün atıla bilər. Təyyarənin digər ölkələrə uçması da istisna olunmur”.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Hindistan və Ermənistan arasındakı əlaqələrin xarakteri hər kəsə məlumdur:

"Ermənistanın Hindistanla şübhəli aviasiya gediş-gəlişləri bir daha sübut edir ki, İrəvan hakimiyyəti sülh məsələsində səmimi deyil. Bir tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan sülh haqqında bəyanatlar verir, Azərbaycanın sülhə nail olmaq üçün göstərdiyi ciddi səylərdən danışır və razılaşmalar üçün iş aparıldığını bildirir. Digər tərəfdən isə İranın dəstəyi ilə Hindistandan silah tədarük etməyə davam edir. Bundan əlavə, son günlərdə Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması da Ermənistanın köhnə taktikasını yenidən işə saldığını göstərir. Rəsmi İrəvanın bir tərəfdən sülh mesajları verməsi, digər tərəfdən isə təxribat xarakterli addımlar atması onun ikili oyun oynadığını açıq şəkildə nümayiş etdirir".
Şərhçi vurğulayıb ki, xüsusilə də Hindistandan silah almaq cəhdləri və sərhəddə gərginliyin artırılması Ermənistanda revanşist arzuların hələ də ölmədiyini göstərir:
"Lakin bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Regionda qüvvələr balansı artıq dəyişib və Ermənistanın bu kimi provokativ addımları nə Azərbaycanın mövqeyini, nə də regional sabitliyi poza bilər. İran da real vəziyyəti yaxşı anlayır və heç bir parametr üzrə Azərbaycana qarşı ciddi addım atmaq gücündə deyil".