Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, martın 17-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.8-28.2 manat ətrafında dəyişib. Daha əvvəl bu rəqəm 26-28.2 manat təşkil edirdi. Unun qiymətində bahalaşma çörəyin qiymətinə necə təsir göstərəcək?
Mövzu ilə bağl KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, çörəyin əsas xammalı undur. Digər köməkçi maddələr də var ki, onlar çörəyin bişirilməsində çox az rol oynayır. Ona görə unun qiymətinin bahalaşması sözsüz ki, çörəyin maya dəyərinin artmasına gətirib çıxarır.
“Bu da qiymətlərə təzyiq edən amillərdəndir. Amma bir məsələni də qeyd edim ki, hal-hazırda dünya bazarında buğdanın qiyməti ildən-ilə ucuzlaşır. Məsələn, bir il əvvəllə müqayisədə indi Azərbaycana idxal olunan ərzaq buğdasının qiyməti 8 faizə qədər azalıb. Deməli unun xammalı olan buğdanın qiyməti ucuzlaşıbsa, unun qiymətinin bahalaşması onun maya dəyəri ilə bağlı deyil. Odur ki, belə bahalaşma çörəyin qiymətinə təsir edə bilməz.”
İqtisadçı qeyd edir ki, hal-hazırda unun bahalaşmasına səbəb olan amil tələbatın artmasıdır.
“Bayram ərəfəsində şirniyyata tələbat artır. Bu hal da unun qiymətinə təsir edir. Una tələbat artdığına görə, sahibkarlar daha çox qazanmaq üçün unun qiymətini bir qədər artırıblar. Belə ümid edirəm ki, bayramdan sonra unun qiyməti yenidən ucuzlaşacaq.“
Aynurə İsmayıl
KONKRET.az