Xalqımızın ən əziz və sevimli bayramı olan Novruz ölkəmizin bütün guşələrində xüsusi coşqu və məhəbbətlə qeyd edilir. Qədim dövrlərdən bu günə kimi qorunub saxlanan, Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyini əks etdirən el bayramı respublikamızın hər yerində olduğu kimi Yevlaxda da xüsusi qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaz müjdəli, günəş təbəssümlü Novruzun yurdumuza gəlişi münasibətilə rayon bayram ab-havasına uyğun olaraq bəzədilib, müxtəlif silsilə tədbirlər keçirilib.
Silsilə tədbirlərin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə rəngarəng konsert proqramı təşkil olunub.
Konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərliyi, kollektivi, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sevilən müğənni Xatirə İslamın ifaları, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızının duzlu-məzəli zarafatları konsertə tamaşa edənlərin böyük sevincinə səbəb olmaqla, sakinlərdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb.
Konsertin gedişində milli-mənəvi sərvətlərimizin zənginliyini əks etdirən bu gözəl bayramın ürəklərdə saf duyğuların oyanması, mehribanlıq və qardaşlığın möhkəmlənməsi, bir-birinə qayğı və diqqətin artması üçün zəmin yaratdığı qeyd olunub.









