Astana, 19 mart, AZƏRTAC
Macarıstan Mərkəzi və Şərqi Avropada Qazaxıstanın ən mühüm ticarət və iqtisadi tərəfdaşlarından biridir.
AZƏRTAC Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, bu barədə ticarət-iqtisadi missiya çərçivəsində Budapeştdə bu ölkənin ticarət və inteqrasiya naziri Arman Şakkaliyev bildirib.
“Biz 95 mövqe üzrə ixracatımızın strukturunu diversifikasiya etmək niyyətindəyik. Xüsusən, metallurgiya, maşınqayırma, qida məhsulları və tikinti materialları kimi sahələrdə ixracı 700 milyon dollara çatdırmaq istəyirik”, - deyə nazir vurğulayıb.
Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Madiyar Levente qeyd edib ki, macar sahibkarlar Qazaxıstanda iri investisiya layihəsini həyata keçirmək niyyətindədirlər. Bu layihəyə kənd təsərrüfatı sektoru üçün dörd zavod daxildir: birinci, Almatı vilayətində premiks istehsalı zavodu, ikincisi, Kustanayda yem zavodu, üçüncüsü, Karaqanda vilayətinin Saran şəhərində realizə ediləcək, dördüncüsü isə Türküstanda həyata keçiriləcək. Ümumi investisiyaların həcmi 62 milyon dollar təşkil edəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana