AZ

Rusiyalı deputat qadınlara mini-ətək geyinməyə çağırış edib

 
"Qızlar həddindən artıq utancaqlıq səbəbindən daha az ərə getməyə başlayıb..."
 
Qadınları "demoqrafiyanı artırmaq" üçün mini-ətək geyinməyə çağıran Kaluqa deputatı Yevgeni Rudenko ağılsız təklif irəli sürüb və əgər belə bir ideyanı bəyənirsə, bunu özü etsin.
 
Moderator.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsi sədrinin müavini Vitali Milonov RTVI nəşrinə açıqlamasında səsləndirib.
 
Kaluqa vilayətinin Tarusa şəhər dumasının RLDP-dən olan deputatı Yevgeni Rudenko sosial şəbəkələrdə öz adından deyil, bəzi "Tarusa deputatları" adından çıxış edərək rusiyalı qadınlardan "Rusiyanın demoqrafiyasını artırmaq üçün günəşli günlərdə daha çox mini-ətək geyinmələrini" istəyib. 
 
Tənqidlərə cavab olaraq o, bildirib ki, "yalnız geylər qızların mini-ətək geyinməsini bəyənmir" və "qızlar həddindən artıq utancaqlıq səbəbindən daha az ərə getməyə başlayıb".
 
"Shot" Telegram-kanalına açıqlamasında deputat əlavə edib: "70-ci illərdə hamı mini geyinirdi ki, oğlanlarla tanış olsun. O vaxt heç kim qızlara sataşmırdı, ailələr daha möhkəm olurdu, demoqrafiya isə yüksək idi". O, həmçinin partiya yoldaşlarının onları "vaxtaşırı mini-ətəklərlə sevindirdiyini" deyib.
 
"Əsl kişilər qadınların mini-ətək geyinməsini xoşlayır. Oğlanlar tanış olur, sonra evlənir, sonra da uşaqları olur. Mən məhz bunu nəzərdə tutmuşam", - o, bildirib.
 
Deputat bu paylaşımına dəri mini-ətək geyinmiş bir qızın fotosunu əlavə edib ki, bu da sosial şəbəkələrdə böyük narazılıq yaradıb. Bəzi şərhçilər deputatlara isti havalarda şalvarı tərk edib ətək geyinməyi təklif edib.
 
Bu açıqlamadan sonra Dövlət Dumasının üzvləri məsələyə münasibət bildirib. Deputat Nina Ostanina Rudenkonun sözlərini "dəli sayıqlaması" adlandırıb. O, vurğulayıb ki, yalnız qanunvericilik səviyyəsində rəsmi təşəbbüs olmayan, sadəcə, bir deputatın şəxsi fantaziyasına əsaslanan təklifləri müzakirə etməyi lüzumsuz hesab edir.
 
Ostanina həmçinin təklif edib ki, Tarusada deputatların geri çağırılması barədə qanun qəbul olunsun ki, seçicilər öz xalqının real problemlərini anlamayanlardan mandatı ala bilsinlər.
 
Dövlət Dumasının deputatı Vitali Milonov bildirib ki, belə çağırışlara əməl etmək ehtimal ki, zorlamalara səbəb olmayacaq, çünki "mini-ətəyin zorlamaya heç bir aidiyyəti yoxdur".
 
"Amma deputatın bu məsələyə həddindən artıq maraq göstərməsi və yoxlanılması lazım olduğu dəqiqdir. Bağışlayın, amma bu təklif mənə axmaq görünür. Ola bilsin ki, o, hansısa hay-küy yaratmaq istəyir, amma belə üsulla olmaz. Əgər deputat mini-ətək geyinmək istəyirsə, buyursun, özü geyinsin. Cinsi xarakterli geyim və uşaq dünyaya gətirmək arasında heç bir əlaqə yoxdur. Ona görə də deputat növbəti dəfə yaxşıca düşünsün", - Milonov əlavə edib.
 
2023-cü ilin noyabrında Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina plenar iclasda bəzi həmkarlarının doğum səviyyəsini artırmaq üçün "cəmiyyətə şok effekti verən" təşəbbüslərlə çıxış etdiyini bildirib. Bu təşəbbüslər qanun layihəsinə çevrilməsə də, ictimaiyyəti çaş-baş salıb.
 
Parlamentin aşağı palatasının spikeri Vyaçeslav Volodin bu cür bəyanatları yolverilməz adlandıraraq vurğulayıb ki, "belə təşəbbüsləri səsləndirməmək daha yaxşıdır, çünki onlar həm qadınlara, həm də kişilərə qarşı təhqiramizdir".
 
2024-cü ilin sentyabr ayının əvvəlində Sverdlovsk vilayətindən olan Dövlət Dumasının deputatı Janna Ryabtseva ("Vahid Rusiya") yerli İTV telekanalının efirində çıxış edərək "doğmaq, doğmaq və bir daha doğmaq" çağırışı edib. O, "ən yaxşı ailələr" kimi tələbə ailələrini misal göstərib.
 
Daha sonra Ryabtseva "Gazeta.Ru"ya açıqlamasında onun 18 yaşında doğmaq çağırışının hamıya deyil, yalnız bu yaşda yaxınlarının dəstəyi və bir peşəsi olanlara aid olduğunu bildirib. Bununla belə, doğum səviyyəsini maddi stimullaşdırmaq ideyasını "pis" adlandırıb, çünki bunun gənclər arasında əks reaksiya doğura biləcəyini düşünür.
 
Dövlət Dumasının "Yeni İnsanlar" partiyasından olan deputatı Kseniya Goryaçeva RTVI-yə açıqlamasında 18-19 yaşında doğmaq ideyasını absurd adlandırıb. Onun fikrincə, bu yaşda olanların çoxu "mahiyyət etibarilə hələ uşaqdır" və cəmiyyətin inkişafı üçün gənclərə daha çox təhsil almaq imkanı verilməlidir.
 
O, əlavə edib ki, erkən doğuşa çağırışlar "cəmiyyətimizdə hansı dəyərləri görmək istədiyimiz barədə düşündürməlidir".
Seçilən
49
moderator.az

1Mənbələr