Sabirabad, 19 mart, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycanın qədim və zəngin mədəni irsini özündə yaşadan Novruz bayramı Mil-Muğan regionunda böyük təntənə ilə qeyd olunub. Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında gerçəkləşən Novruz festivalı unudulmaz anlarla yadda qalıb.
Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə,
festivalda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının mədəniyyət müəssisələri bir araya gələrək baharın gəlişini təmtəraqla qeyd ediblər.
Festivalın açılışında Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq, Novruz təbriklərini çatdırıblar.
Çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Novruzun xalqımızın milli dəyərlərinin və birliyinin simvolu olduğunu vurğulayıb.
Festival çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların hər biri Novruz bayramının ənənəvi atributlarını özündə əks etdirən xüsusi guşələrlə təmsil olunub. Xalqımızın qədim mədəni irsini yaşadan xonçalar, səməni ilə bəzədilmiş süfrələr, muzey eksponatları və milli sənət nümunələri festival iştirakçılarına təqdim edilib. Burada Novruzun ayrılmaz hissəsi olan şirniyyatlarımız – şəkərbura, paxlava, qoğal və digər milli mətbəx nümunələri, bəzi məmulatların hazırlanması prosesi nümayiş olunub, qonaqlara dadlı təamlar təklif edilib.
Festivalda milli geyimlərin nümayişi də böyük maraq doğurub. Eyni zamanda, qədim sənətimiz olan xalçaçılığa da xüsusi yer ayrılıb, ustalar canlı xalça toxuma prosesini nümayiş etdirərək, qonaqlara bu barədə məlumat veriblər.
Novruz festivalının maraqlı hissələrindən biri də “Cəngavərlər” pəhləvanlar kollektivinin və güləşçilərin təqdimatında keçirilən nümayişlər olub. Peşəkar idmançıların təqdim etdiyi şoular tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festivalın konsert proqramı bayram sevincini daha da artıraraq tədbirə xüsusi rəng qatıb. Müxtəlif folklor kollektivləri, regionun uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, eləcə də tanınmış incəsənət nümayəndələri milli rəqslər və musiqi nömrələri ilə səhnəni canlandırıblar. Səhnədə Novruzun sevilən personajları Kosa və Keçəl öz şux zarafatları və şən tamaşaları ilə insanları əyləndiriblər.