AZ

Azərbaycanda bələdiyyələrin hansı səlahiyyətləri var?

Bələdiyyələr dövlət hakimiyyəti orqanları deyil, xalqın seçdiyi yerli özünüidarə orqanlarıdır.

Onlar yerli məsələləri həll etsələr də, mərkəzi icra hakimiyyətinin funksiyalarını yerinə yetirmirlər. 

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yerli özünüidarəetmə orqanı kimi qanunvericiliklə müəyyən olunub. Əsas hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyası, “Bələdiyyələrin statusu haqqında” qanun və digər normativ aktlardır.

Bəs bələdiyyələrin hansı səlahiyyətləri var?

Valyuta.az bələdiyyələrin səlahiyyətlərini təqdim edir:

Ərazi və yerli səviyyədə idarəetmə

Bura bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin idarə olunması və satışı, bələdiyyə mülkiyyətinin idarə olunması, tikinti və abadlaşdırma işlərinin təşkili daxildir.

Maliyyə və büdcə səlahiyyətləri

Bu səlahiyyətə bələdiyyə büdcəsinin formalaşdırılması və idarə olunması, yerli vergilərin və rüsumların müəyyənləşdirilməsi daxildir. 

Bələdiyyələr müəyyən kateqoriyalı şəxslərə sosial yardım məqsədi ilə maddi dəstək göstərə bilərlər.

Sosial və ekoloji layihələr

Az təminatlı ailələrə yardım, uşaq bağçalarının dəstəklənməsi məqsədi ilə bələdiyyələr müxtəlif sosial müdafiə tədbirləri həyata keçirə bilərlər. Bundan başqa ağacəkmə, tullantıların idarə olunması məqsədi ilə ətraf mühitin mühafizəsi və abadlaşdırma layihələri icra olunur.

Müxtəlif mədəniyyət və idman tədbirlərinin təşkili də bu sosial layihələrə aiddir.

İctimai nəzarət və hüquqi funksiyalar

Bələdiyyələrin bu səlahiyyətlərinə yerli əhalinin maraqlarını qorumaq və təmsil etmək, yerində ictimai dinləmələr keçirmək, qərarları əhali ilə müzakirə etmək, yerli aktlar və qaydalar qəbul etmək aiddir. 

Əhali ilə əlaqə və ictimai xidmətlər

Bələdiyyələrin işi birbaşa təmsil etdiyi ərazidə yaşayan əhali ilə olduğundan, onlar həm də yerli əhalinin problemlərini dinləməli və müraciətlərə baxmalıdır.

İctimai xidmətlərin təşkili və tənzimlənməsi, bundan başqa yerlərdə su təchizatı, tullantıların yığılması məqsədi ilə ictimai xidmətlərin təşkili və tənzimlənməsinə bələdiyyələr nəzarət edir.

Davud

Seçilən
14
valyuta.az

1Mənbələr