Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim xalam oğlu Aqşin Dövlətoğlu 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Əslində itkin düşmüşdü, sonradan dövlət tərəfindən şəhidlik statusu verildi. O, vətən uğrunda canını fəda edərək, həm ailəsinə, həm də millətinə əvəzolunmaz bir qürur buraxdı. O zaman bütün qohumlar Qarabağda səfərbər olmuşdu, lakin sonradan müharibənin acı nəticələri ilə barışmağa məcbur olduq. Valideynlərinin hələ də gözü yolda, qulağı səsdədir. Anası hələ də bu tale ilə barışmayıb, Aqşin ağır döyüşlərdə şəhid olub. Bizlər onun bu qəhrəmanlığı ilə fəxr edirik və əbədi olaraq xatirəsini yaşadacağıq. Aqşinin ruhu qarşısında baş əyirəm və bilirəm ki, o, bizə yalnız şəhidlik deyil, həm də vətənə bağlılıq, şəxsiyyət və fədakarlıq nümunəsi qoyub. Onun göstərdiyi igidlik və cəsarət bizim yolumuzu işıqlandıracaq
Bir daha bütün şəhidlərimizə Allah rəhmət eləsin. Onların yatdığı torpaq bizim and yerimizdir.
"Torpağ uğrunda, vətən uğrunda şəhid olanlar ən ali məqam uğrunda həlak olan mələklərdir. Onların ruhları qarşısında baş əyirəm".
Newscenter.az xəbər verir ki, bunları deyən "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib ki, onların qisası alındı, uğrunda şəhid olduqları torpaqda rahat yata bilərlər:
"Ölkənin Prezidenti, vitse-prezidenti və digər rəsmi şəxslər hər bayramda həmin torpaqlarda sizin fədakarlığınızı, şücaətinizi, qəhrəmanlığınızı və ali məqamınızı böyük qürur və fəxarət hissi ilə yad edirlər. Dünən Ağdərədə yandırılan tonqal bizə düşmən olan qüvvələrin ideologiyasının yanmasıdır. Cənab Prezident qeyd etdi ki, antiterror əməliyyatı ilə hər şey bitdi, düşmənlər məhv edildi. Bəli, hər tonqal yandırıldıqda və o tonqalın başında həmin ifadələr işlədildikdə, sizin nələr çəkdiyinizi biz bilirik. Əmin olun ki, o tonqallar zaman keçdikcə sizə daha yaxın yerlərdə yandırılacaq və onlar yandıqca sizlər də yanacaqsınız.
Bu millətin nə qədər böyük və güclü olduğunu bir daha gördünüz və bunu heç vaxt unutmayın. Bu torpaqlara dövlət quranlar və ərazisini, ədaləti bərpa edənlər bu regionu dünyanın sivilizasiya mərkəzlərindən birinə çevirəcəklər. Ağdərədəki siyasi-diplomatik mesajlar, bu diplomatiyanın reallıqlarını bir daha göz önünə sərir.Azərbaycanın sülh strategiyasını qəbul etməklə və yeni dünyanın nizaminə uyğun olaraq, regionda Azərbaycanın yaratdığı reallıqları nəzərə almaqla siyasi və iqtisadi sivilizasiyalarda özünüzə yer tapa bilərsiniz. Çünki Ali Baş Komandanımız demişkən, bitmisiniz. Başqa şansınız yoxdur. Region təhlükəsizliyinin mexanizmləri Azərbaycanın yaratdığı reallıqlarda təklif etdiyi sülh strategiyasındadır.
Bu böyük mübarizənin və torpaqların azad olunmasının nəticəsi yalnız bizim deyil, bütün regionun gələcəyi üçün əhəmiyyətlidir. Hər bir şəhidin qanı, hər bir döyüşçünün fədakarlığı bizə yeni bir üfüq açıb. Bu torpaqda həyatın və ədalətin bərpa olunması, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da gücləndirəcəkdir. Bizim qarşımıza çıxan bütün çətinliklərə baxmayaraq, bu vətənin azadlığı və firavan gələcəyi naminə hər zaman bir olacağıq. Azərbaycanın gücü və iradəsi, ərazi bütövlüyünü bərpa edən xalqımızın əzmi ilə daha da möhkəmlənəcəkdir.