Əvəzedicilər Liqasında III dövrə bitdi.
Premyer Liqada olduğu kimi, Əvəzedicilər Liqasına da diqqət yetirmək prioritet mövzularımızdandır.
Xüsusən yerli gənc futbolçuların bu liqada çoxluq təşkil etməsi bura daha da diqqətlə yanaşmağa əsas verir.
Maraqlıdır, elitada durumu ürəkaçan olmayan “Neftçi”nin əvəzediciləri liqada liderdir.
Onları ikinci pillədəki “Turan Tovuz-2”dən 3 xal ayırır. Tovuz təmsilçisinin əsas komandası kimi əvəzediciləri də inkişafdadır. İlk “3-lüy”ü isə “Sabah-2” tamamlayır.
Cəmi 2 tur əvvəl elitanı tərk etmək təhlükəsiylə üzləşən “Sumqayıt”ın əvəzediciləri dördüncü pillədə qərarlaşaraq, “Qarabağ-2”ni geridə qoymağı bacarıb. “Qarabağ”ın isə ana liqadakı hegemonluğundan burada əsər-əlamət yoxdur.
Hazırda Premyer Liqada qalmaq üçün mübarizə aparan “Kəpəz”lə “Səbail”in əvəzediciləri eyni – 32 xala malik olub müvafiq olaraq, 6-7-ci yerləri bölüşürlər.
Avrokuboklarda iştirak etməyə iddialı olan və bu uğurda mübarizə aparan “Zirə”nin ikinci komandası 8 və “Araz-Naxçıvan” isə 9-cu pillədə yer alıb. Avropada iştirak etmək, ölkə futbolunu təmsil etmək istəyən komandaların, əsasən, gənclərdən ibarət əvəzedici kollektivinin belə durumda olması üzücüdür.
Əvəzedicilər Liqasının sonuncusu “Şamaxı”dır.
Mirkamal Kazım