Livan ordusu Suriya ilə sərhəd bölgəsində patrullar yerləşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) ordunun komandanlığına istinadən məlumat yayıb.
Məlumata görə, son günlər Livan-Suriya sərhədində baş verən hadisələrlə əlaqədar hər iki ölkənin hakimiyyət orqanları arasında koordinasiya aparılıb.
Gərginliyin artmasının qarşısını almaq üçün ordunun bölmələri Hoş Əl-Səyyid Əli-Hərməl bölgəsində təhlükəsizlik tədbirlərinə başlayıb. Bu çərçivədə sərhəd boyunca patrullar yerləşdirilib, sabitliyin qorunması üçün əlavə tədbirlər görülüb.
Livan prezidenti Cozef Aun martın 17-də sərhəd bölgəsindəki vəziyyətə reaksiya verərək, ordunun Suriya tərəfində fəaliyyət göstərən HTŞ qruplaşmasına qarşı mübarizə aparmasını əmr edib. O, həmçinin, Livanın xarici işlər nazirinə Suriya tərəfi ilə əlaqə saxlayaraq böhranın həlli üçün diplomatik addımlar atmağı tapşırıb.
Qeyd edək ki, bundan öncə takfirçi qruplaşmaların Suriya sərhədində yerləşən Hoş Əl-Səyyid Əli şəhərinə hücumu nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Aysu İbrahimova,
KONKRET.az