Vaşinqton, 20 mart, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Vals Prezident Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığının detallarına dair bəyanat yayıblar.
AZƏRTAC-ın məlumatına görə, bildirilir ki, tərəflər Kurskdakı vəziyyəti nəzərdən keçiriblər və döyüş meydanında vəziyyətin inkişafı ilə bağlı müdafiə qərargahları arasında sıx məlumat mübadiləsi aparmaq barədə razılaşıblar. Bəyanata əsasən, iki lider enerji infrastrukturuna qarşı qismən atəşkəs haqqında razılığa gəliblər. Həmçinin, qeyd olunub ki, texniki qruplar atəşkəsin Qara dənizə qədər genişləndirilməsini müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşəcəklər. Tərəflər bunun müharibənin tam başa çatması və təhlükəsizliyin təmin edilməsi istiqamətində ilk addım ola biləcəyinə dair razılaşıblar.
Bəyanata əsasən, Prezident Zelenski ABŞ Prezidentinə minnətdarlığını bildirib və tam atəşkəs əldə etməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Prezident Tramp Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyalarına dair müzakirə aparıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsində təcrübəsi ilə bu stansiyaları işə salmaqda çox kömək edə bilər. Amerikanın həmin stansiyalara sahib olması infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna böyük dəstək olar”,- deyə açıqlamada qeyd olunur.
Bildirilir ki, liderlər bütün tərəflərin atəşkəsə nail olmaq üçün səylərini davam etdirməli olduğuna sair razılığa gəliblər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton