AZ

Amin Quiri - Liqa 1-də fevral ayının ən yaxşı oyunçusu!

Marsel “Olimpik”inin əlcəzairli hücumçusu Amin Quiri Fransa Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fevralın ən yaxşısı adına PSJ-dən Usman Dembele və Əşrəf Hakimi də namizəd idilər. Amma azarkeşlər arasındakı sorğunun yekununda Quiri qalib seçilib. Dembele ikinci, Hakimi üçüncü yerlə kifayətləniblər.

“Olimpik”in əlcəzairli forvardı fevralda Liqa 1 çərçivəsində keçirdiyi 4 oyunda 2 qola imza atıb, həmçinin 3 məhsuldar ötürmə müəllifi olub.

Əlcəzair yığmasının da üzvü olan futbolçu karyerası ərzində ilk dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir.

Cari mövsümdə əvvəlki ayların qalibləri isə bu oyunçular olublar:

Sentyabr 2024 – Bredli Barkola (PSJ)
Oktyabr 2024 – Zuriko Davitaşvili (“Sent Etyen”)
Noyabr 2024 – Conatan David (“Lill”)
Dekabr 2024 – Meyson Qrinvud (“Olimpik”, Marsel)
Yanvar 2025 – Usman Dembele (PSJ)

Xatırladaq ki, Amin Quiri Marsel “Olimpik”inə 2025-ci ilin yanvar ayında 19 milyon avro məbləğ müqabilində “Renn”dən keçib. Əlcəzairli hücumçunun klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Amin Quiri “Olimpik”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Quiri Marsel “Olimpik”indən öncə “Renn”, “Nitsa” və “Olimpik” (Lion) klublarının da formasını geyinib.

Amin Quiri 2023-cü ilin oktyabr ayında debüt etdiyi Əlcəzair yığmasının heyətində 12 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə verib. O, daha öncə Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
22
arena.az

1Mənbələr