Ötən 46 il ərzində bəhai dini icmasının zəiflədilməsi və son nəticədə məhv edilməsi İran hökumətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Dəfələrlə İranın müxtəlif şəhərlərində və kəndlərində molların fətvası ilə talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Bu illər ərzində molla hökumətinin 200 nəfərdən çox bəhaini öldürməsi, minlərlə insanı zindana atması, dövlət müəssisələrində işləmək və ali təhsil almaq hüquqlarından məhrum etməsi Beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə pislənilib.
Əvvəlki on illiklərdə olduğu kimi bəhailərə qarşı şiddətin göstərilməsi yaşadığımız günlərdə də davam etməkdədir.
Bəhai dini icmasına mənsub ayrı-ayrı fərdlərin və ailələrin yaşadığı faciələrin tarixcəsi haqqında dəfələrlə yazılıb: 17 yaşlı Monanın doqquz bəhai qadınla Şiraz stadionunda edam edilməsi, həbsxanalarda təhqir və işgəncələrə məruz qalmış onlarca insanın tarixçəsi yaxşı məlumdur.
Bu gün mən xanım Ənisə Fənaianın acı taleyi haqqında danışmaq və həbsdə olarkən övladlarına yazdığı məktubla sizi tanış etmək istəyirəm.
İranın Semnan şəhərindən olan xanım Ənisə Fənaian 2024-ü ilin martında "milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək üçün qruplar yaratmaq", "maarifləndirmə fəaliyyəti adı altında İslam şəriətiənə və rejim əleyhinə təbliğat aparmaq" ittihamları ilə 7 il həbs cəzasına məhkum edildi. Xanım Ənisənin cinayəti nə idi? Bu haqda O, övladlarına ünvanladığı məktubunda ona qarşı irəli sürülən saxta ittihamları ifşa edir və özünün, ailəsinin və bütün iranlı bəhailərin dövlət tərəfindən aparılan təqiblər nəticəsində üzləşdiyi çətinlikləri təsvir edir.
Ənisa Fənaianın qızı Sitarə və oğlu Şəkibə yazdığı məktubun tam mətnini sizim diqqətinizə çatdırıram. Məktub "Nəsrin" sənədli filminin rejissoru və prodüseri Ceff Kaufman tərəfindən Iranwire.com saytında paylaşılıb.
“Hörmətli Sitarə və Şəkib,
Mən sizin ananız olduğum üçün çox fəxr edirəm və sizinlə olmaqdan hər dəqiqə həzz alıram. İndi sizdən ayrılıb həbsxanaya getmək üzrə olduğum üçün birlikdə keçirdiyimiz hər son anlarımızı yaddaşımda həkk etmək istəyirəm. Bu günlərdə bir-birimizlə çox danışır, birgə gülür və çox şey bölüşürdük. Həbsdə tək qalanda mən bundan yapışmalı, sizi ağlımda və ürəyimdə saxlamalıyam.
Yeddi il dəhşətli dərəcədə uzun müddətdir. Siz mənim həyatımda, mən də sizin həyatınızda olmadığım yeddi il. Mən nəhayət azad olanda siz böyük olacaqsınız. Şəkib, sən iyirmi iki yaşında! Sitarə, sən iyirmi altı yaşında olacaqsan! Bu müddət ərzində mən daha sizin ananız ola bilməyəcəyəm.
Çətin olacaq, həyat çətindir. Düşünürəm ki, bu, sizdən ötrü böyümək, güclü olmaq və öyrənmək üçün vacib şans olacaq. Xeyirxah olmağı və başqalarına kömək etməyi unutmayın. Haqsızlıq ətrafımızda ola bilər, amma bizim nifrətsiz və qisassız dünya ilə bağlı xəyalımız var.
Artıq bir çox çətin dövrlərdən keçmisiniz. Siz kiçik olanda atanız (Siyamək, əziz ərim) və mən həbsdə idik. Şəkib, sən üç yaşında idin və çox şirin idin. Sitarə, sən yeddi yaşında idin və sən xanım kimi danışırdın. Sizin nənəniz Səhba altı ay əvvəl həbsdən çıxmışdı. Çətin vaxt idi, amma ağrılarımıza baxmayaraq, hamımızın ürəyində bir xoşbəxtlik var idi.
Siz soruşa bilərsiniz ki, niyə biz və bir çox başqaları belə cəzalandırılmışıq? Çünki biz bəhaiyik və inanırıq ki, Allah bütün insanları irqindən, cinsindən və ya mənşəyindən asılı olmayaraq bərabər yaradıb. Buna görə də İran hökuməti bizim varlıq haqqımızı inkar etməyə çalışır.
İcazə verin indi də həbs olunmağıma səbəb olanları sizinlə bölüşüm.
Bir neçə ay ərzində bir dostumla evimizdən o qədər də uzaq olmayan bir kənddə əfqan uşaqlarını, qaçqınları ziyarət etdik. Onlar, ailə üzvləri, uşaqlar və böyüklər çox pis şəraitdə, az qala müasir köləlik şəraitində yaşayır və işləyirdilər. Onlar kərpic hazırladıqları, qismən yerin altında tikilmiş çox isti tikililərdə işləyirdilər. Bu qeyri-sağlam və təhlükəli vəziyyət idi. Onların əksəriyyətinin kifayət qədər yemək, paltar və ya ayaqqabısı yox idi. Uşaqların səhrada uzun yol getməsi təhlükəsi var idi, ona görə də dostumla onları öz maşınımızla evlərindən götürüb məktəbə aparırdıq. Biz həmçinin onlara kitablar gətirir və dərslərinə kömək edirdik.
Və bir gün hökumətin kəşfiyyat məmurları evlərimizə gəlib məni və dostumu həbs etdilər.
Ehtiyacı olan bu uşaqlara qayğı göstərdiyim üçün - və açıq-aşkar bəhai olduğum üçün – Semnan İnqilab Məhkəməsi tərəfindən "milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək üçün qruplar yaratmaq", "maarifləndirmə fəaliyyəti adı altında İslam şəriətinə və rejim əleyhinə təbliğat aparmaq" ittihamları ilə məhkum edildim.
Biz həbs olunanda dövlət məmurları deyirdilər ki, siz ora uşaqlara kömək etmək üçün yox, onları və ailələrini bəhai etmək üçün getmisiniz. Mən onlara dedim ki, “biz heç vaxt dindən danışmamışıq. Onlar bizim bəhai olduğumuzu belə bilmirdilər!”
Sorğu-sual edənlər həmçinin, soruşdular: “Niyə sənin müsəlman dostların var? Onlar niyə sənin evinə gəlirlər? Niyə onların yanına gedirsən?” Dedim ki, “Mən müsəlman ölkəsində yaşayıram, ona görə də müsəlman dostlarım var. Burda pis nə var ki?”
Müsəlman dostlarımdan biri onlara dedi: “Mən Məhəmməd Peyğəmbərə inanıram, İslama inanıram və bəhai olan yaxşı insanlar tanıyıram. Niyə mənim imanıma əmin deyilsiz? Niyə narahatsınız?”
Həbsxana işçiləri elə bilirlər ki, həbsxana məni dinimi dəyişməyə məcbur edəcək. Əlbəttə ki, yox. Bu, mənim inamımı gücləndirir. Ürəyimdə çox qiymətli bir şey var, ondan niyə imtina edim? Ümid edirəm ki, siz, Sitarə və Şəkib, qarşılaşdığınız çətinliklərdən asılı olmayaraq eyni hissləri yaşayacaqsınız.
İran çox gözəl ölkədir. İranlıların çoxlu qabiliyyətləri var, ölkəmizin təbiəti gözəldir və bizim böyük tariximiz var. Bir-birimizə hörmət edə bilsək, əminəm ki, bizim parlaq gələcəyimiz olacaq.
Cəsarətli olmağı, səbirli olmağı, möhkəm olmağı, başqalarının ehtiyaclarını düşünməyi nənənizdən öyrəndim.
Bəzən göz yaşlarım gəlir, amma bunun yaxşı olmadığını bilirəm. Mən onları atanızdan başqa heç kimə göstərmək istəmirəm. Mən gülmək, gülümsəmək, sizə, ailəmə və dostlarıma enerji vermək istəyirəm. Nə etdiyimə əminəm, amma əlbəttə ki, kədərlənirəm, çünki hamınız üçün çox darıxacağam.
Siz hər zaman mənim ağlımda və ürəyimdəsiniz və olacaqsınız. Bilməlisiz ki, mən sizi çox sevirəm və sizinlə fəxr edirəm! Bunu heç vaxt unutmayın! Mənə söz verin ki, mən evə gələndə hələ də mənim qızım və oğlum olacaqsınız.
Ananızdan bütün sevgilərlə
Ənisə Fənaian
Semnan, İran”
Azər Cəfərov,
Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti
Demokratikmusavat.com