Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə təkrar müraciət edib.
Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi sonda arzuolunmaz nəticələrə gətirib çıxarır.
"Təəssüflə qeyd olunmalıdır ki, nazirlik tərəfindən bu istiqamətdə aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən çoxsaylı müraciətlərə baxmayaraq, təkcə İlaxır çərşənbə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması nəticəsində 19 yanğın hadisəsi qeydə alınıb", -məlumatda deyilir.
Göstərilənləri, xüsusilə ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin davam edəcəyini nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək, Novruz bayramı ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırıb:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda və müvafiq təhlükəsizlik tədbirləri görülməklə yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!