AZ

Poçettino: “Bir gün “Tottenhem”ə dönmək istəyirəm…”

ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino gələcəkdə əvvəllər çalışdırdığı “Tottenhem”ə qayıtamaq arzusundadır.

Arena.az “Sky Sports” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Klubu tərk edəndən bəri, bir gün “Tottenhem”ə qayıtmaq istədiyimi dediyim müsahibəni həmişə xatırlayıram, bu isə əlbəttə, belədir. İndi mən ABŞ-dayam, mən qayıtmağa hazırlaşmıram, yox, onda dediyimi də inkar etmək fikrində deyiləm. Altı, beş il sonra mən bunu hələ də ürəyimdə hiss edirəm… Odur ki, mən bir gün ora qayıtmaq istərdim”, deyə “Poç” duyğusalcasına vurğulayıb.

Poçettino İngiltərə yığmasını niyə çalışdırmadığını da əsaslandırıb: “Hər şey zamanın məqamına dayanır. İngiltərə yığmasının baş məşqçisi olmaq – böyük şərəfdir. Amma zaman bəzən sənin əlçatan olduğun məqamla uzlaşmır, bu seçim isə yox olur”, deyə təcrübəli mütəxəssis mövqeyini izah edib.

Xatırladaq ki, Maurisio Poçettino “Tottenhem”i 2014-2019-cu illərdə çalışdırıb. Argentinalı mütəxəssis “mahmızlar”ı 293 oyuna çıxarıb, 160 qələbə, 60 heç-heçə, 73 məğlubiyyət yaşayıb. Topların fərqi isə 559:322 nisbətindədir.

Poçettino 2024-cü ilin avqust ayında ABŞ yığmasının sükanı arxasına keçib. “Yankilər” argentinalı mütəxəssislə müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. “Poç”un qarşısında ABŞ yığmasına yarışın ev sahiblərindən biri olduğu 2026-cı il dünya çempionatında uğurlu çıxış və nəticə qazandırmaq tapşırığı qoyulub.

Əlavə edək ki, hazırda “Tottenhem” yunanəsilli avstraliyalı mütəxəssis Angelos Postekoqlunun rəhbərliyi altında uğursuzluqlar zolağından qurtula bilmir.

“Mahmızlar” 29 oyundan 34 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Mətbuatda yayılmış şayiələrə görə, klub rəhbərliyi baş məşqçi “Ange”ni istefaya göndərmək seçimi üzərində düşünür.

Seçilən
33
arena.az

1Mənbələr