20 Mart Beynəlxalq Xoşbəxtlik Günüdür...
Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür. Bu günün hər il martın 20-də qeyd edilməsi barədə 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qərar verilib. Məqsəd isə xoşbəxtliyə can atmağın planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir. Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə, beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımi qaydada qeyd etməyə çağırır.
“Xoşbəxtlik resepti”...
Dahi Albert Eynşteyn xoşbəxtliyin “resept”ini yazmışdı. Bu xoşbəxtlik sirri isə sadəcə, bir nəfərə nəsib olub. Onun 1922-ci ildə Tokioya mühazirə oxumağa gedəndə “Nobel” mükafatı aldığı xəbərini gətirən kuryerə bəxşiş verməyə pulu olmur.
Hotelin kitabçasından cırdığı iki vərəqə alman dilində “Dinc və sadə həyat gərgin halda uğur dalınca qaçmaqdan insana daha çox xoşbəxtlik gətirir. Əgər iradə varsa, vasitə də tapılar” - deyə yazır. Həmin kağızı kuryerə verərkən “Ola bilsin, bu qeyd bəxşişdən daha qiymətli olacaq”, - deyə əlavə edir.
Həqiqətən də, belə olur. “Vinners” hərrac evinin verdiyi məlumata görə, alimin əl yazısı 240 min dollara satılır. Bu gün həmin kağız parçası milyon yarımlıq sərvətə bərabərdir. “Xoşbəxtlik resepti” sonuncu dəfə Yerusəlimdə 1,56 milyon dollara satılıb.
Dünyanın ən xoşbəxt ölkələri
BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsi dünyanın ən xoşbəxt ölkələrini araşdırıb. Şəbəkə qlobal sorğu məlumatlarından istifadə edərək həmin ölkələri müəyyən edib. Hesabata görə, Skandinaviya ölkələri birinci yerdə qərarlaşıb. Həmin ölkələr bunlardır: 1. Finlandiya, 2. Danimarka, 3. İslandiya, 4. İsrail, 5. Niderland, 6. İsveç, 7. Norveç, 8. İsveçrə, 9. Lükse?burq, 10. Yeni Zellandiya, 11. Avstriya, 12. Avstraliya, 13. Kanada, 14. İrlandiya, 15. ABŞ, 16. Almaniya, 17. Belçika, 18. Çexiya Respublikası, 19. Böyük Britaniya, 20. Litva.
Xoşbəxt olmaq üçün nə etməli?
Əslində, xoşbəxt olmaq elə də çətin deyil. Alimlər insanların xoşbəxt olması üçün bir sıra mühüm məqamlara fikir vermələrini məsləhət görürlər: Kin və nifrətdən xilas olun - bu, həm sizi qocaldır, həm də xoşbəxt olmanıza əngəl yaradır. Ən yaxşısı pozitiv olmaqdır.
Hər kəsə yaxşı davranan - ətrafınızdakı insanlara qarşı pis rəftarınız sizin də əhvalınızı pozacaq. Üstəlik, onların da sizinlə pis olmasına səbəb olacaq. Odur ki, kimisə acılamağa dəyməz. Xoşbəxt olmaq üçün hər kəsə yaxşı davranın!
Şükür etməyi bacarın - Əlinizdəkilərin qədrini bilin. Əldə etdiklərinizə görə naşükürlük etməyin. Hər şeyə görə şükür etməyi öyrənmək elə də çətin deyil.
Hər şeyə əhəmiyyət verməyin, başqaları haqqında yaxşı danışın, bəhanə axtarmayın, hər səhər eyni saatda oyanın, dinləməyi öyrənin, qidaniza fikir verin, idmanla məşğul olun və nəhayət... Xoşbəxt olun!!!
Yeganə BAYRAMOVA