"Paşinyan fərqindədir ki, Ermənistanda onun siyasi gələcəyi kifayət qədər risk altındadır, yəni müəyyən şərtlər daxilində kreslosunu itirə bilər. Bunun əsas səbəbkarı, əlbəttə ki, Rusiyanın oradakı maraqlarıdır."
Politoloq Əli Mustafa bu sözləri News365.az-a açıqlaamsında deyib.
"Rusiya Paşinyanı məcburən qəbul etməlidir, ilk növbədə buna məcburdur. Paşinyan hakimiyyətə gələndə də, hakimiyyətdə olduğu müddətdə də daim Rusiyanın maraqlarına uyğun olmayan bir siyasət aparıb. Nəticədə, onların arasında, mən hesab edirəm ki, etimad mühiti yaranmadı və bu hal hələ də davam edir.
Mövcud vəziyyətdə mən düşünürəm ki, Paşinyan Azərbaycan və Türkiyə ilə anlaşmaq istəyir. Çünki bu anlaşma həm də onun sığortasıdır. Əgər bu baş verməsə, o halda Ermənistanda qarşılaşacağı sürprizlər—xüsusən də yaxınlaşan seçkilər fonunda—Rusiyanın onun üçün hansı planları hazırladığını və onu nələrin gözlədiyini demək çətindir. Bu baxımdan mən hesab edirəm ki, o, Azərbaycanla və Türkiyə ilə anlaşmaq, Türkiyə vasitəsilə Avropa ilə əlaqələrini gücləndirmək və Ermənistanın bu istiqamətə yönəlməsini təmin etmək istəyir. Yəni blokdan və təcriddən çıxmaq, Rusiyadan iqtisadi, siyasi, sosial, mədəni və digər asılılıqları azaltmaq, bununla da öz hakimiyyətini tam şəkildə qorumaq niyyətindədir."