AZ

Paşinyan Azərbaycana qarşı hiyləyə ƏL ATIB

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Bu barədə bir müddət əvvəl xarici işlər naziri Ceyhun Bayramov bildirib. O deyib ki, Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.

Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu da bəyan edib.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.

Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gündür ki, sosial şəbəkələrdə "mən sülh müqaviləsini imzalamaq üçün Prezident İlham Əliyevi birgə məsləhətləşmələrə çağırıram",- deyə paylaşımlar edir, mətbiata açıqlamalar verir.

Paşinyan sanki özünü sülh tərəfdarı kimi göstərməyə çalışır.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan tələsir, amma onun sözlərinə, vədlərinə inanmaq olmaz:

"Nikol Paşinyan tələsir, sülh sazişini qısa müddətdə imzalamaq istəyir, amma Azərbaycanın tələblərini də yerinə yetirmək istəmir. Bəli, sülh sazişinin 17 bəndi də razılaşdırılıb. Lakin bəzi məsələlər açıq qalıb. Məsələn, Paşinyan sözdə deyir ki, razılaşmaya görə, Minsk qrupundan, Avropanın Ermənistandakı mülki missiyasından imtina edəcək. Amma şərt qoyur, deyir ki, əvvəlcə sülh sazişi imzalansın, sonra bu addımlar atılsın. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, biz Ermənistanın sözünə, vədinə inana bilmərik, sənədə və onun icrasına inana bilərik. Çünki bir neçə dəfə Paşinyan vəd verib və ya hər hansı sazişə, bəyanata imza atıb, amma sonra bunların heç birini yerinə yetirməyib. Misal üçün, 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq, nəqliyyat dəhlizi açılmalı, Zəngəzurdan Naxçıvana manesiz keçid verilməliydi. Ermənistan tərəfi bununla bağlı hələ ki heç bir addım atmayıb".

Politoloq vurğulayıb ki, Paşinyan hiylə işlədir, lakin istəyinə nail ola bilməyəcək:

"Bizim haradan təminatımız var ki, sülh sazişi imzalanandan sonra digər iki şərt - Minsk qrupu və Avropa missiyasından imtina baş tutacaq. Özü də Avropa missiyasının müddəti iki il də uzadılıb. Üstəgəl Paşinyan Avropadan təzyiqlərlə üzləşə bilər. Beləliklə, Paşinyan Makronun təsiri altında müəyyən vədlərdən imtina da edə bilər.
Üstəgəl indi prezidentlərə zəng edir ki, sülh sazişinin mətni razılaşdırılıb. Sonra da Azərbaycan Prezidentinə müraciət edib. Bununla hiylə işlətməyə çalışır ki, beynəlxalq aləmdə Azərbaycana təzyiq artsın
və göstərsin ki, guya Azərbaycan sülh sazişinin imzalanmasını uzadır. Halbulki sülh sazişinin imzalanmasında biz də maraqlıyıq. Ancaq bir şərtlə ki, tələblərimiz yerinə yetirilsin. Əsas tələbimiz də hələ gündəmdə qalıb. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bənd çıxarılmalıdır. Bu məsələni də Paşinyan sonraya saxlayır. Məsələyə gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra baxıla bilər. Amma kim zəmanət verir ki, Paşinyan ona qədər hakimiyyətdə qalacaq? Bu baxımdan Paşinyanın hiyləsi işləməyəcək".

Seçilən
21
1
modern.az

2Mənbələr