Uzaq Amerikadan – Karib dənizi sahillərindən Sumqayıta Azərbaycan millisi ilə yoldaşlıq oyununa 11 min kilometr yol qət edərək gələn Haiti millisi Mehdi Hüseynzadə adına şəhər stadionunda meydana çıxacaq.
İdman.biz əhalisi ölkəmizdən 1 milyon çox, ərazisi isə 3 dəfə kiçik olan ölkəni təmsil edən uzaq rəqib haqqında təsəvvür yaratmaq üçün Haitinin son oyunlarını nəzərdən keçirib.
Öncə Haitinin futbol keçmişinə qısa nəzər salaq. 1973-cü ildə evdə CONCACAF çempionatının qalibi olan yığma, bir il sonra dünya çempionatının iştirakçısı olub. Almaniyada keçirilən mundialda komanda qrupda İtaliyaya (1:3), Polşaya (0:7) və Argentinaya (1:4) uduzub.
Haiti millisinin son durumuna gəldikdə, hazırda FİFA reytinqində Azərbaycandan 31 pillə yüksəkdə - 86-cı yerdə qərarlaşan komanda ötən il əsasən zəif rəqibləri məğlub edib. Dünya çempionatı seçmələrində CONCACAF zonasında D qrupunda Barbados (dünya reytinqində 177-ci) millisinə 3:1, Sent-Lüsiyaya (reytinqdə 167-ci) isə 2:1 hesabı ilə qalib gəlib. Hazırda 2 turdan sonra maksimum nəticə ilə lider Kürasaodan (reytinqdə 91-ci) top fərqinə görə geri qalır.
CONCACAF Millətlər Liqasının B liqasında isə Haiti Puerto-Rikoya (reytinqdə 157-ci ) 4:1 və 3:0, Sent-Martinə (FİFA-ya daxil olmadığı üçün dünya reytinqində yoxdur) 6:0 və 8:0, Arubaya (reytinqdə 195-ci) 3:1 və 5:3 hesabı ilə qalib gəlib. Bununla komanda qrup qalibi olub və A Liqasına vəsiqə qazanıb.
Göründüyü kimi, Azərbaycan haitililərin son 1 ildə qarşılaşacağı ən güclü rəqib olacaq.
Qeyd edək ki, qarşılaşma martın 22-də baş tutacaq.
Vüqar Məmmədov
İdman.biz