AZ

17 il BDU-da rektor işlədi - Övladları mərkəzdəki evini kirayə verib şəhərdən kənara köçdülər

Martın 20-si Bakı Dövlət Universitetinə (BDU) 17 il (1970-1987) rəhbərlik etmiş akademik Faiq Bağırzadənin doğum günüdür. Bu gün onun 99 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, sabiq təhsil naziri Misir Mərdanov Faiq Bağırzadənin saf, təmiz adan olduğunu xatırladıb:

“Onu aspirant olduğum dövrdən tanıyırdım. Faiq müəllimin rektorluğu dövründə 14 il universitetdə çalışmışam. O, sözün həqiqi mənasında yaxşı rektor olmaqla bərabər, səmimi və qayğıkeş, billur kimi saf bir insan idi. Təsəvvür edin ki, qardaşı 6 il Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində, özü isə 17 il Bakı Dövlət Universitetində rektoru vəzifəsində işləmiş Faiq müəllimin övladları o, vəfat etdikdən sonra dolanışıq ucbatından şəhərin mərkəzində yerləşən evlərini kirayəyə verib şəhərdən kənarda yaşayırdılar. Allah Faiq müəllimə qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun”.

M.Mərdanov Faiq Bağırzadənin həyatı haqqında geniş məlumat verib:

“XIX əsrin sonlarında azərbaycanlıların qədim yaşayış, elm və mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində üç qardaş yaşayırdı: Hacı Bağır, Hacı Abbas, Hacı Qasım. Bu qardaşların övladları, daha doğrusu, nəvə-nəticələri sonralar Azərbaycan elminin, mədəniyyətinin, siyasi həyatının görkəmli şəxsiyyətlərinə çevrildilər. Dahi bəstəkar, Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq artisti Səid Mirəli oğlu Rüstəmov Hacı Bağırın nəvəsi - Leylinin oğlu idi.

Azərbaycanın keçmiş Gənclər İttifaqının (LKGİ-nin) birinci katibi, Tibb İnstitutunun keçmiş prorektoru, tibb elmləri doktoru, professor Maqsud Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013-2019), geologiya-minerologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı akademik Akif Əlizadə, Hacı Qasımın nəticələri - Əfşan xanımın oğlanlarıdır.

Azərbaycan MK-nın keçmiş birinci katibi Kamran Bağırov, Respublika Elmlər Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin keçmiş rektoru Faiq Bağırzadə də Hacı Qasımın nəticələri - Dürrənin nəvələri-Məşədi Məmmədin oğullarıdır. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu Hacı Qasımın nəticəsi-Rzanın nəvəsi - Adilə xanımın oğludur.

Onu da ayrıca qeyd etmək lazımdır ki, Maqsud Əlizadə və Akif Əlizadə Faiq Bağırzadə və Kamran Bağırovun bibisi oğlanlarıdır. Bu böyük, tipik müsəlman şəhəri İrəvanın nəhəng ziyalı nəslinin nümayəndələrindən biri olan Faiq Məmməd oğlu Bağırzadə 1926-cı il mart ayının 20-də Bakı şəhərində anadan olub. Bakı şəhərindəki 132 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1943-cü ildə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

1947-1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda baş laborant işləyib. 1949-cu ildə Sənaye İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirən Faiq Bağırzadə “Qobustanneftqaz kəşfiyyatı” trestinin “Qarabağ-Qaradaş” kontorunda mühəndis-geoloq olub. Neft və qaz yataqlarının geologiyası kafedrasının aspirantı olan Faiq Bağırzadə 1951-ci ildə “Azneft” birliyinin dənizdə qazıntı axtarışı trestinin “Neft daşları”nda mühəndis vəzifəsində çalışıb. Geologiya üzrə müxtəlif vəzifələrdə çalışan Faiq Bağırzadə bir an da elmdən ayrılmayıb, onun fəaliyyətində sanki təcrübə ilə nəzəriyyə bir-birini tamamlayırdı”.

Faiq Bağırzadə 1953-cü ildə “Abşeron yarımadasının sahilboyu və bitişik sahələrdə Qala dəstəsinin kəşfiyyatı” mövzusunda dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik elmi dərəcəsi alıb. Bundan 11 il sonra isə yəni 1964-cü ildə o, geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsini almaq üçün “Abşeron neft-qazlı sahəsinin şərq hissəsində məhsuldar qatın alt şöbəsində neft və qaz yataqlarının yerləşmə və formalaşmasının qanunauyğunluqları” mövzusunda uğurla dissertasiya müdafiə edib.

Faiq Bağırzadə 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. Görkəmli alimin elmi yaradıcılığının təxminən 20 illi Azərbaycan Neft və Kimya İnstitutu ilə bağlı olub. Belə ki, 1952-1954-cü illərdə bu ali məktəbdə assistent, 1954-1962-ci illərdə baş müəllim, dosent, 1962-1965-ci illərdə geoloji-kəşfiyyat fakültəsinin dekanı, 1965-1970-ci illərdə xarici tələbələr fakültəsinin dekanı, 1966-1970-ci illərdə neft və qaz yataqlarının geologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.

1970-ci ildə professor Faiq Bağırzadənin həyatında əlamətdar hadisə baş verib. O, həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) rektor vəzifəsinə təyin olunub və uzun müddət respublikanın bu ilk ali məktəbinə başçılıq edib. Onun iştirakilə universitetin maddi-texniki bazası xeyli genişlənib, yeni kafedralar, tətbiqi riyaziyyat fakültəsi açılıb, institutlararası elmi-tədqiqat hesablama mərkəzi təşkil olunub.

Faiq Bağırzadə rektor vəzifəsi ilə yanaşı, ADU-nun Elmi Şurasının, Sovet-İraq dostluğu cəmiyyətinin Azərbaycan bölməsinin, Azərbaycan Ali məktəb rektorları Şurasının sədri vəzifələrini də yerinə yetirib.

Faiq Bağırzadənin rektorluq dövründə Universitetdə elmlər doktorlarının sayı 62 nəfərdən 145 nəfərə çatıb.

O, 1964-1965-ci illərdə keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin xətti ilə Birma Respublikasında Ranqun Texnoloji İnstitutunun professoru vəzifəsində işləyib. Ranqun Texnoloji İnstitutunda (Birma) məruzələr oxuyub və ingilis dilində “Neft və yeraltı geologiya” mühazirələr məcmuəsini (Ranqun, Texnoloji İnstitutu 1965) nəşr etdirib.

“O dövrdə yaşayan və həmin dövrün ab-havasına bələd olan elm adamları yaxşı bilirlər ki, o zaman nə xaricə getmək, nə də xarici ölkədə kitab nəşr etdirmək o qədər də asan iş deyildi. Bunu yalnız Faiq Bağırzadə kimi tək-tək, daha doğrusu, barmaqla sayılacaq alimlər, elm adamları, böyük insanlar, dövlətin inamını qazanmış şəxslər edə bilərdilər. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Universiteti ilə Bəsrə (İraq) və Sarayevo (YSFSR) universitetləri, həmçinin Çexoslovakiya ali məktəbləri (Pardulitse, Bratislava, Praqa) arasında elmi əlaqələrin yaranmasında və bu əlaqələrin sonrakı inkişafında Faiq Bağırzadə fəal iştirak etmişdir. Zəhmətkeş alim, bacarıqlı təhsil təşkilatçısı Faiq Bağırzadənin yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük əməyi olmuşdur. Onun elmi rəhbərliyi altında Azərbaycan, keçmiş SSRİ respublikaları və xarici ölkələrdən olan xeyli aspirantlar namizədlik dissertasiyaları müdafiə etmişlər”, - Misir Mərdanov bildirib.

Faiq Bağırzadə 1972-1986-cı illərdə Azərbaycan SSR Ali Məktəb Rektorlar şurasının sədri olub. 1980-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi adına layiq görülüb.

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olan F.Bağırzadə respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib.

O, 1971-ci ildən başlayaraq uzun müddət Azərbaycan KP MK-nın üzvü, Respublika Ali Sovetinin səkkizinci, doqquzuncu, onuncu və on birinci çağırışları üzrə deputatı seçilib.

Akademik Faiq Bağırzadənin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmiş, o dövrün bir sıra yüksək mükafatları – “Oktyabr inqilabı”, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, S.İ.Vavilov adına medalla və digər orden və medallarla təltif olunub.

F.Bağırzadə 1988-ci il martın 30-da Bakı şəhərində vəfat edib və 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Seçilən
39
1
modern.az

2Mənbələr