Qəbələ, 20 mart, Mustafa Dadaşov, AZƏRTAC
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Cağaloğlu Anadolu Liseyi arasında “Qardaşlıq protokolu” imzalanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib. Bildirilib ki, protokolun imzalanması ilə əlaqədar Cağaloğlu Anadolu Liseyinin məktəb müdiri Gökhan Karataş, həmçinin liseyin müəllim və tələbələrindən ibarət 12 nəfərlik nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində olub.
İnfotur çərçivəsində qonaqlar Mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. Novruz bayramı ərəfəsinə təsadüf edən səfər zamanı qonaqlara tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Sonra Mərkəzin akt zalında pedaqoji heyətin və bir qrup tələbənin iştirakı ilə tərəflər arasında “Qardaşlıq protokolu” imzalanıb.
Qonaqlar Çuxur Qəbələ kəndində yerləşən Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna da ekskursiya edib, Qəbələnin tarixi-mədəni zənginliklərini özündə əks etdirən sərgi salonu ilə tanış olublar.
Qeyd edək ki, səfər 2021-ci il 19 fevralda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti ilə Türkiyə Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində reallaşıb. Məqsəd tərəflər arasında müvafiq istiqamətlər üzrə təcrübə mübadiləsini həyata keçirməkdir.