Bir neçə gün əvvəl Neymarın 15 aylıq həsrətinin tezliklə sona çatacağı məlum olmuşdu.
"Football-plus.az" xəbər verir ki, "Santos”un hücumçusu uzun müddətdən sonra Braziliya yığmasına çağrılmışdı. Lakin...
Braziliya Futbol Konfederasiyasının (BFK) mətbuat xidmətinin məlumatında 33 yaşlı hücumçunun DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya və Argentina ilə uyğun olaraq martın 21-də və 25-də keçiriləcək oyunlar üçün milli komandaya dəvət aldığı bildirilirdi.
Bu, Neymar üçün həqiqətən də, sevindirici xəbər idi. Axı o, sonuncu dəfə 15 ay əvvəl - 2023-cü il oktyabrın 18-də Uruqvaya qarşı seçmə oyunda meydana çıxmış, həmin matçda ciddi zədə alan ulduz futbolçu uzun müddət müalicə alandan sonra sıraya dönmüşdü.
Lakin son xəbərdə “Santos”un futbolçusunun yığmanın qarşıdakı oyunlarını buraxacağı vurğulanır. BFK-nın mətbuat xidmətinin məlumatına görə, baş məşqçi Dorival Junior 33 yaşlı futbolçunu qarşıdakı oyunlara çağırsa da, komandanın tibbi heyəti Neymarın yığmaya qatılmamasına qərar verib.
Beləliklə, hücumçunun sevinci gözündə qalıb.