“Roma”nın argentinalı hücumçusu Paulo Dibala aldığı ağır zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Belə ki, 31 yaşlı hücumçu A Seriyasının 29-cu turunda “Kalyari” ilə matçda sol ayağından zədə alıb. Ətraflı müayinələrdən sonra zədənin ciddi olduğu müəyyənləşib. Argentinalı oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Onun bərpa müddəti barədə dəqiq məlumat verilmir. Amma Dibalanın təxminən 3 ay yaşıl meydanlardan kənar qalması gözlənilir. Bu isə onun cari mövsümdə bir daha oynamayacağı anlamına gəlir.
Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb.
Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə verib.
Dibalanın “Roma”nın heyətində çıxışının ümumi mənzərəsi isə 113 oyun, 42 qol və 22 məhsuldar ötürmədən ibarətdir.
Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.
Paulo Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 40 oyuna 4 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı argentinalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.