İranda saxlanılan Fransa vətəndaşı sərbəst buraxılsa da, iki nəfər hələ həbsdədir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında yazıb. O, 2022-ci ildən İranda həbsdə olan Fransa vətəndaşı olan 34 yaşlıOlivye Qrondyunun azad edilərək ölkəyə qaytarıldığını açıqlayıb. “Olivye Qrondyu azaddır, Fransada, öz xalqı arasındadır. Biz onun ailəsinin xoşbəxtliyini bölüşürük”,-deyə Makron qeyd edib.
Makron İranda hələ də həbsdə saxlanılan Sesile Kole və Jak Parisin azad edilməsinə də çağırıb. O, Qrondyunun sərbəst buraxılmasının təfərrüatlarını açıqlamayıb. Fransanın xarici işlər naziri Jan Noel Barro sərbəst buraxılan Qrondyunun Fransaya qayıdarkən təyyarədə çəkilmiş şəklini paylaşıb. “Olivye Qrondyu nəhayət ki, azadlığa buraxıldı.
887 günlük İranda girovluqdan sonra ailəsi, yaxınları və ölkəsinə qovuşdu. Sesile Kole və Jak Paris də daxil olmaqla, hələ də girovluqda olan bütün vətəndaşlarımızın azad edilməsi üçün səylərimizi yorulmadan davam etdirəcəyik”,-deyə nazir Barro paylaşım edib.
Qeyd edək ki, Olivye Qrondyu 2022-ci ilin oktyabrında İranın cənubundakı Şiraz şəhərində turist səfəri zamanı həbs edilib. O, İranın Qərblə danışıqlarda istifadə etdiyi siyasi məhbusların saxlandığı Tehrandakı “Evin” həbsxanasına aparılıb. Qrondyu casusluq və İrana qarşı sui-qəsd ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib. İranda saxlanılan digər iki Fransa vətəndaşı isə 2022-ci ilin mayında, Qrondyudan dörd ay əvvəl həbs ediliblər. Hər iki şəxs ölkədə etirazları qızışdırmaqda ittiham olunur.