
Nevrologiya mütəxəssisi Prof. Dr. Talip Asil bildirir ki, son araşdırmalar hava çirkliliyi ilə nevroloji xəstəliklər, xüsusilə Parkinson arasında ciddi əlaqə olduğunu göstərir.

E-saglam.az xəbər verir ki, o, hava çirkliliyindən qaynaqlanan incə hissəciklər və zərərli qazların beyində dopamin ifraz edən hüceyrələrə mənfi təsir etdiyini və iltihaba səbəb olaraq Parkinson riskini artırdığını vurğulayıb.
Böyük şəhərlərdə yaşayanlar, uzun müddət çirkli hava ilə təmasda olanlar, genetik meyli və nevroloji xəstəlik keçmişi olanlar daha çox risk altındadır. Prof. Asil açıq havada mümkün qədər az vaxt keçirməyi, maskalardan istifadə etməyi və hava çirkliliyi ilə bağlı daha effektiv siyasətlərin hazırlanmasını tövsiyə edib.
Parkinsonun erkən diaqnozu müalicə prosesinə müsbət təsir göstərir. Xəstəliyin ilkin əlamətləri titrəmə, əzələ sərtliyi, hərəkətlərin yavaşlaması və tarazlıq problemləridir. Bundan əlavə, üz ifadələrinin solğunluğu, yazıda çətinlik və nitq pozğunluğu da simptomlar arasındadır. Bu əlamətlər müşahidə edildikdə, mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc