AZ

“Atalanta”nın “İnter” sindromu davam edir - ŞƏRH

A seriyasının 29-cu turunda Berqamo, Bolonya, Florensiya və Venetsiyada baş tutan matçlarda maraqlı nəticələr və ya hesablar qeydə alındı.

"Football-plus.az"ın məlumatına görə, nəticə isə bu oldu ki, “İnter” zirvədəki yerini möhkəmləndirdi.

İtaliyanın son çempionu həftəiçi Çempionlar Liqasında (ÇL) “Feyenoord” ilə ev oyununu yarımmüdafiəçi Barella və hücumçu Lautaro Martinessiz keçirmiş və 2:1 hesablıq qələbə ilə 1/4 finala adlamışdı. Simone İnzaqinin onlara komandasının Niderlandda 2:0 hesablı qələbəsindən sonra istirahət verməsi səbəbsiz deyildi. İlin əvvəlindən daha sıx oyun qrafiki ilə hərəkət edən “İnter”in “Atalanta” ilə səfər oyununa daha yaxşı hazırlaşmaq üçün elə bir imkanı yox idi. Berqamolular ÇL-də mübarizəni dayandırandan sonra bütün diqqətini A seriyasına yönəldiblər.

Hesabat turu ərəfəsində liderdən 3 xal geri qalan Can Pyero Qasperininin komandası qələbə halında milanlılara çatacaqdı. Berqamodakı oyun baxımlı alınmasa da, çox gərgin keçdi. Artıq 7-ci dəqiqədə Markus Türam dirəyi titrətdi. Tədricən oyunu bərabərləşdirən ev sahibləri ilk hissədə rəqib qapısı qarşısında yalnız Paşaliçin baş zərbəsi ilə təhlükə yarada bildilər. İkinci hissənin əvvəlində Çalhanoğlunun künc zərbəsinə Auqusto dəqiq reaksiya verərək hesabı açdı. Qasperini əvəzləmələrlə komandasının oyununu gücləndirməyə çalışsa da, “Atalanta” hücum xəttində yaddaqalan nəsə edə bilmirdi. 81-ci dəqiqədə Edersonun diluzunluğuna və jestlərinə görə iki xəbərdarlıq alaraq komandasını azlıqda qoymasına milanlılar dərhal reaksiya verdilər. Qonaqların kapitanı Martines Barellanın ötürməsi ilə “İnter”in ikinci qolunu vurdu. Əsas vaxta əlavə olunan dəqiqələrdə Bastoni də qırmızı vərəqəyə layiq bilindi. Amma müdafiəçisinin qovulması milanlıların vacib qələbəsinə təsir etmədi. Beləliklə, son çempion liderliyini möhkəmləndirdi.

Ona görə ki, əvvəlki 6 turda yalnız 7 xal qazana bilən “Napoli” yenə büdrədi. Özü də çempionatın ən zəif komandalarından olan “Venetsiya”nın qapısına yol tapa bilmədi. Eyniadlı şəhərdə qeydə alınan qolsuz “sülh” Antonio Kontenin komandasını liderdən 3 xal geri salsa da, neapollular 2-ci yerdəki mövqeyini qorudular.

Tura 4-cü yerdə başlayan “Yuventus” üçün Florensiyaya səfər uğursuz alındı. “Fiorentina” həftəiçi Avropa Liqasında “Panatinaikos”a qarşı ağır oyun keçirsə də, turinlilərə qarşı daha əzmlə oynamağı bacardı. İlk hissəni iki cavabsız qolla başa vuran ev sahibləri fasilədən sonra hesabı darmadağın həddinə çatdırdılar. Üç qoldan ikisinin ötürməsini Tyaqo Mottanın yanvarda xidmətindən imtina etdiyi Facolinin verməsi diqqətdən yayına bilməzdi. Əvvəlki matçda “Atalanta” qarşısında 4 cavabsız top buraxmaqla aciz qalan “Yuventus” 5-ci yerə düşdü.

Tura uyğun olaraq 5-6-cı yerlərdə başlayan “Latsio” ilə “Bolonya” arasındakı matçın nəticəsi də maraq doğururdu. Hər iki komanda praktiki olaraq ÇL-ə sonuncu vəsiqə verən 4-cü yerə iddia edir. Amma Bolonyadakı oyunda ağlagəlməz hesab qeydə alındı. Rəqibini bütün komponentlərdə üstələyən ev sahibləri 5:0 hesablı qələbə ilə “ÇL zonası”na daxil oldu.

Paytaxtın digər komandası isə azarkeşlərini növbəti qələbə ilə sevindirdi. “Kalyari”ni evdə minimal hesabla üstələyən “Roma” 7-ci yerə yüksəlsə də, 4-cü pillədəki “Bolonya”dan yalnız 4 xal geri qalır. Deməli, çempionatda ardıcıl 6 qələbə qazanan Klaudio Ranyerinin komandası da ÇL-də oynamağı arzulaya bilər.

Amma “Milan”ın yenidən bu avrokubokda görünmək şansı azdı. Ölkə nəhəngi evdə “Komo” üzərində 2:1 hesablı əzmkar qələbə qazansa da, oyun planında çox sayda olan problemlər qalmaqdadı. İndi 9-cu yerdə olan milanlıları “ÇL zonası”ndan 6 xal ayırsa da, 4-cü yerə çox sayda klubun gözünü dikməsi vəziyyəti çətinləşdirir.

29-cu tur
Milan – Komo 2:1

Pulişiç, 53. Reynders, 75 – Da Kunya, 33. (74800)
Milan: Menyan, Ernandes (A.Ximenes, 46), Tiav, Qabbya, Uoker, Musa (Feliş, 52), Bondo (Fofana, 46), Reynders, Pulişiç, Leao (Loftus-Çik, 78), S.Ximenes (Abraham, 68).

Venetsiya – Napoli 0:0
(11440)
Napoli: Meret, Spinatsola (Olivera, 76), Buoncorno, Rrahmani (Juan Jezus, 77), Di Lorentso, Lobotka, Gilmor (Zambo Angissa, 77), Maktominey, Politano, Raspadori (Okafor, 76), Lukaku (Simeone, 87).

Bolonya – Latsio 5:0
Odqor, 16. Orsolini, 48. Ndoy, 49. Kastro, 74. Fabbian, 84. (30846)
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, Kalabriya, Fröyler (Pobeqa, 59), Ferqyuson, Ndoy (Dallinqa, 78), Odqor (Fabbian, 59), Orsolini (Kambyaqi, 73), Kastro (Dominges, 78).
Latsio: Provedel, Maruşiç, Romanyoli, Xila, Latsari, Rovella, Genduzi (Belayan, 78), Vesino (İbrahimoviç, 83), Zakkanyi (Noslin, 62), İsaksen (Pedro, 46), Dia (Çauna, 62).

Roma – Kalyari 1:0
Dovbik, 62. (62911)
Roma: Svilar, Ndika, Mançini, Rensx, Anxelinyo, Kone (Kristante, 64), Paredes, Salemakers, Baldantsi (Əl-Şaaravi, 64), Sule (Dibala, 64/Pizilli, 76), Dovbik (Şomurodov, 72).

Fiorentina – Yuventus 3:0
Qosens, 15. Mandraqora, 18. Qudmundsson, 53. (22253)
Fiorentina: De Xea, Ponqraçiç, Mari, Ranyeri (Komutso, 79), Dodo, Facoli (Folorunşo, 85), Kataldi (Adli, 89), Mandraqora, Qosens, Qudmundsson (Beltran, 79), Ken (Zanyolo, 89).
Yuventus: Di Qreqorio, Kalulu, Kelli (Qatti, 74), Veyqa (Koşta, 59), Vea (Konseysao, 74), K.Türam, Lokatelli, Koopmeyners, Makkenni, Qonsales (Kambyaso, 59/ Mbanqula, 87), Kolo Muani.

Atalanta – İnter 0:2
Auqusto, 54. Lautaro Martines, 87. (23215)
Atalanta: Karnesekki, Kolaşinats, Hin, Cimşiti (Maldini, 75), Zappakosta, Bellanova (Rucceri, 59), Ederson, De Roon, Paşaliç (De Ketelare, 59), Lukman (Breşianini, 83), Retegi (Samarciç, 80).
İnter: Zommer, Bastoni, Açerbi, Pavar, Auqusto, Dyumfris (Bissek, 66), Barella, Mxitaryan (Frattezi, 75), Çalhanoğlu (Asllani, 90+1), M.Türam (Korrea, 90+1), Lautaro Martines (Taremi, 90+1).

Cenoa – Leççe 2:1
Miretti, 16; 45+2 - Krstoviç, 68-p. (31495)

Montsa – Parma 1:1
İtso, 60 – Bonni, 84. (9251)

Udineze – Verona 0:1
Duda, 72. (20754)

Torino – Empoli 1:0
Vlaşiç, 70. (20402)

1. İnter 29 19 7 3 65-27 64
2. Napoli 29 18 7 4 45-23 61
3. Atalanta 29 17 7 4 63-28 58
4. Bolonya 29 14 11 4 49-34 53
5. Yuventus 29 13 13 3 45-28 52
6. Latsio 29 15 6 8 50-41 51
7. Roma 29 14 7 8 44-30 49
8. Fiorentina 29 14 6 9 46-30 48
9. Milan 29 13 8 8 44-33 47
10. Udineze 29 11 7 11 35-39 40
11. Torino 29 9 11 9 34-34 38
12. Cenoa 29 8 11 10 28-37 35
13. Komo 29 7 8 14 35-46 29
14. Verona 29 9 2 18 29-58 29
15. Kalyari 29 6 8 15 28-44 26
16. Leççe 29 6 7 16 21-48 25
17. Parma 29 5 10 14 35-49 25
18. Empoli 29 4 10 15 23-46 22
19. Venetsiya 29 3 11 15 23-42 20
20. Montsa 29 2 9 18 24-49 15

Bombardirlər: Retegi (Atalanta) - 22, Ken (Fiorentina) - 15, Lukman (Atalanta), M.Türam (İnter) - 13.

Növbəti turun oyunları martın 29-31-i aralığında keçiriləcək: Komo – Empoli, Venetsiya – Bolonya, Yuventus – Cenoa, Leççe – Roma, Kalyari – Montsa, Fiorentina – Atalanta, İnter – Udineze, Napoli – Milan, Verona - Parma, Latsio - Torino.

Turun rəqəmi
8 - “İnter” bazar günü “Atalanta” ilə uğurlu oyunlar seriyasını davam etdirdi. Səfərdə iki cavabsız top vuran milanlılar bu rəqibini ardıcıl 8-ci dəfə məğlub etdilər. İtaliyanın son çempionu berqamolulara sonuncu dəfə 2018 ildə uduzub. “İnter”in Simone İnzaqinin başçılığı altında “Atalanta”ya məğlub olmadığını da qeyd edək.

Turun ulduzu
Lautaro Martines (İnter) - Berqamoda “İnter”in bütün oyunçuları alqışalayiq idilər. Onların arasında ikinci qolu vuran Martinesi fərqləndirmək olar. Argentinalı hücumçu çempionluq uğrunda vacib oyunda azı iki dəfə assistent kimi də fərqlənə bilərdi, amma Türam onun ötürməsindən sonra topu dirəyə, Frattezi isə qapıçının üstünə vurdu. Lautaronun yeri gələndə müdafiəyə kömək etdiyini də qeyd edək.

Turun sitatı
Tyaqo Motta, “Yuventus”un baş məşqçisi:
“Vəzifəmi tərk etmək çox sadə qərar olardı, mən sadə qərarları sevmirəm. Hədəfimizə çatmaq – mövsümü ilk “4-lük”də başa vurmaq üçün qələbələr qazanmaq, xal ehtiyatımızı artırmalıyıq. Bu oyun “Atalanta”ya uduzduğumuz əvvəlki matçın davamı oldu. Matça yenə yaxşı başladıq, amma üzləşdiyimiz ilk çətinliyə qarşı nə edəcəyimizi bilmədik. Bu gün nə hücumda, nə də müdafiədə güclü göründük. Hər planda “artırmalıyıq”.
Seçilən
39
football-plus.az

1Mənbələr