İngiltərə yığmasının baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel “üç şir” ümdə məqsədi haqqında söhbət açıb.
Arena.az UEFA-nın rəsmi sayıtna istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“60 illik ağrı-acıya son qoymaqmı? Biz elə, bunun üçün buradayıq, biz öz məqsədlərimizdən utanıb-çəkinməməliyik. İlk növbədə biz, addımbaaddım irəliləməkdən ibarət olan fikri sınaqdan keçirməliyik. Hələ Nyu-Cersi (DÇ-2026-nın final oyununun keçiriləcəyi məkan – redaktorun qeydi) haqqında xəyal qurmaq tezdir. Biz ilk məşq toplantımıza tamamilə köklənməliyik, ardınca isə ikincisinə. Bizə yaxşıca hazırlaşmaq gərəkdir. Biz nə qədər “burada və indi”yə köklənsək, imkanlarımız bir o qədər yüksələcək. Amma əsas məqsəd və arzumuz, əlbəttə, hamıya aydındır”, deyə Tuxel İngiltərə yığmasının dünya çempionatında qalibiyyət arzusunda olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, İngiltərə yığması yalnız bircə dəfə, 1966-cı ildə ev sahibliyi etdiyi dünya çempinatını qazanıb. Həmin mundialın final oyununda “üç şir” əlavə vaxtda Almaniya yığmasını 4:2 hesabı (əsas vax 2:2) ilə məğlub etmişdi.
Tomas Tuxel cari ilin yanvar ayından İngiltərə yığmasının sükanı arxasında fəaliyyətdədir. Alman mütəxəssislə 1,5 il müddətinə – 2026-cı ilin dünya çempionatının sonuna qədər müddətə müqavilə imzalanıb.
Tuxel sabah, martın 21-də “üç şir”i öz rəhbərliyi altında ilk oyuna çıxaracaq. İngiltərə yığması DÇ-2026-nın “K” qrupunun 1-ci tur oyunu çərçivəsində evdə Albaniya yığmasını qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.