Lənkəran, 20 mart, İlkin Adıyev, AZƏRTAC
Bu il Lənkərana gələn turistlərin sayında müəyyən azalma müşahidə olunur. Buna əsas səbəb kimi Novruz bayramının Ramazan ayına təsadüf etməsi göstərilir. Bildiyimiz kimi, Ramazan ayında bir çox insan dini ibadətə üstünlük verdiyindən səyahətini təxirə salır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istirahət mərkəzləri və hotellər Novruz bayramı ilə əlaqədar qonaqlara müxtəlif tədbirlər və xüsusi istirahət paketləri təklif edirlər. Bununla yanaşı, qiymətlərdə 15-30 faiz arasında dəyişən endirimlər tətbiq edilib ki, bu da istirahət üçün əlverişli imkanlar yaradır.
Lənkəranın mərkəzində yerləşən hotelin meneceri Azad Həsənlinin sözlərinə görə, bayram ərəfəsində əvvəlcədən sifariş verən qonaqların böyük əksəriyyəti Azərbaycanın müxtəlif bölgələrindən, xüsusilə də paytaxt Bakıdan olan yerli turistlərdir.
“Hər il bu dövrdə minlərlə xarici turist Azərbaycana, xüsusilə də Lənkərana səfər edirdi. Lakin bu il Ramazan ayının başlanması ilə xarici turistlərin sayında müəyyən azalma müşahidə olunur. Bununla belə, turist axını dayanmayıb, sadəcə bu il əsasən yerli səyahətçilər üstünlük təşkil edir. Hazırda hotelimizdə yerlərin 70 faizdən çoxu bron edilib. Bayram günlərində burada müxtəlif folklor tədbirləri keçirilir, tonqallar qalanır, milli mətbəx nümunələri təqdim olunur və musiqili proqramlar təşkil edilir. Qiymətlərə gəlincə isə 1 nəfər 50 manat, 2 nəfər 80 manat ödəməklə endirimli xidmətlərdən yararlana bilərlər. Buraya hoteldə gecələmə, səhər yeməyi və bayramla əlaqəli şou-proqramlar daxildir”, - deyə Azad Həsənli bildirib.
Lənkərandakı turizm obyektləri və istirahət mərkəzləri bayram münasibətilə xüsusi endirim kampaniyaları da elan ediblər. Ümumilikdə qiymətlərdə endirimlər tətbiq edilib. Bu da həm yerli, həm də xarici turistlərin daha əlverişli şərtlərlə istirahət etməyinə imkan yaradır. Xüsusilə ailəvi istirahət üçün nəzərdə tutulmuş paketlər böyük maraqla qarşılanır.
Hotel meneceri Seymur Quliyev bildirir ki, Lənkəran turizm potensialı baxımından olduqca əlverişli bir bölgə olduğu üçün bayram günlərində turist axınının daha da artacağı gözlənilir.
“Keçən il bölgəyə əsasən İran və Rusiya vətəndaşları daha çox səfər edirdi. Bu il isə vəziyyət tam fərqlidir. Qonaqlarımızın əksəriyyətini yerli turistlər təşkil edir. Onlara daha rahat və unudulmaz bir bayram tətili keçirmələri üçün fərqli istirahət paketləri təqdim edirik. Bu paketlər çərçivəsində qonaqlarımıza komfortlu istirahət, yerli mətbəxin ləziz təamları, əyləncəli proqramlar və ekskursiyalar təklif edirik. İstirahət mərkəzinə gələnlərə rahat dincəlmək üçün xüsusi paketlər təqdim olunub. Ümumilikdə, qiymətlərdə 15-30 faiz arasında endirimlər edilib” , – deyə hotel meneceri Seymur Quliyev qeyd edib.
Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Azimov bildirib ki, idarənin əməkdaşları tərəfindən hotel və istirahət mərkəzlərində monitorinqlər aparılıb. Bunun əsas məqsədi gələn turistlərə daha yüksək səviyyədə xidmət göstərilməsidir. Eyni zamanda, turistlərə müxtəlif xəritələr, broşürlər və bənzər materiallar paylanıb. Şəhərin mərkəzində turizm informasiya məntəqəsi yaradılıb ki, bu da bayram günlərində fəaliyyət göstərəcək və gələn turistlərə görməli yerlər haqqında məlumat təqdim edəcək.
Lənkəran həm xarici, həm də yerli turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir. Burada yerləşən çay plantasiyaları, dəniz sahili, tarixi abidələr və müxtəlif təbiət mənzərələri, həmçinin şəhərin unikal atmosferi Novruz bayramını burada qeyd etmək istəyən turistlərin diqqətini xüsusilə cəlb edir.