
Karabük Universitetinin alimləri dırnaq yemə vərdişlərinin qarşısını almaq üçün yeni süni intellekt dəstəkli texnologiya hazırlayıblar. Ağıllı saata əsaslanan bu sistem əl hərəkətlərini aşkarlayır, səsli xəbərdarlıqlarla istifadəçinin şüurunu artırır və bu vərdişdən qurtulmağa kömək edir.

E-saglam.az xəbər verir ki, Karabük Universiteti Kompüter Mühəndisliyi kafedrasının dosenti. Dr. Eftal Şehirli və PhD tələbəsi Abdullah Alesmaeil tərəfindən hazırlanan proqram üç mərhələli analiz üsulu ilə dırnaq yemə davranışı aşkar edir. Süni intellektlə dəstəklənən sistem əl hərəkətlərini izləyərək dırnaq yemə davranışını 93 faiz dəqiqliklə təyin edə bilir. İstifadəçi vərdişi təkrarladıqda səsli xəbərdarlıqlar verərək məlumatlılığı artırır və bu davranışın zamanla yox olmasını təmin edir.
Dos. Dr. Şehirli sistemin ilk olaraq Covid-19 pandemiyası zamanı əl-ələ təması azaltmaq üçün yaradıldığını bildirib. Ancaq araşdırmalar irəlilədikcə bu texnologiyanın dırnaq yemə kimi qeyri-ixtiyari vərdişlərin qarşısını almaq potensialına malik olduğu anlaşıldı. Bu istiqamətdə hazırlanmış sistem istifadəçilərin vərdişlərini şüurlu şəkildə dəyişməsinə kömək etmək məqsədi daşıyır.
Süni intellekt tərəfindən dəstəklənən bu yenilikçi texnologiya vərdişlərə nəzarət üçün rəqəmsal həllər sahəsində mühüm addım hesab olunur. İstifadəçi təcrübəsini təkmilləşdirmək və daha geniş auditoriyaya çatmaq üçün tətbiqin gələcəkdə müxtəlif platformalara uyğunlaşdırılması planlaşdırılır.
Tərcümə: Könül Oruc