"ABŞ prezidenti Donald Tramp, Putinlə dəfələrlə telefon danışıqlarının olduğunu qeyd edib və bu telefon danışıqlarının sadəcə biri haqqında mətbuatda məlumat verildiyi qeyd olunur".
Demokratikmusavat.com xəbər verir ki, bunu siyasi şərhçi Çingiz Şahbazi deyib.
Onun sözlərinə görə, Trampın yürütdüyü siyasət heç də səmimi görünmür.
"Trampın bu sözləri doğrudur, amma, yürütdüyü bir neçə aylıq siyasətə diqqət yetirsək, heç də səmimiyyətə söykənmədiyi də açıq şəkildə görünməkdədir. Tramp prezident postuna gələr-gəlməz Putini yanına çəkməyə çalışmağa başladı və bunun bir çox səbəbləri haqqında dünya mətbuatında ekspert rəyləri mövcuddur".
Ekspertin fikirlərinə görə, rəylər arasında ən məqbul hesab olunan ABŞ-ın dünyanın yenidən şəkillənməsi istiqamətində gizli planlarının olduğu, daha çox hiss olunur.
"Bu planın həyata keçirilməsinə maneələr yaradan ölkələrə qarşı ABŞ-ın yeni hökuməti, ABŞ-ın yürütdüyü köhnə siyasətinə hər kəsi şoka salan dəyişiklik etməyə qərar verməsi və bu istiqamətdə ciddi addımlar atması, artıq dünya siyasətinin əvvəlki kimi qalacağına ümidləri azaltdı. Xüsusilə də bu istiqamətdə ABŞ, geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün, Rusiyanın Çinlə olan münasibətlərinə zərbə vurmaq üçün, Rusiyanı öz yanına çəkməyə başladı.Bu həmçinin, Rusiyanın yeraltı və yerüstü zəngin sərvətlərinin ucuz qiymətə Çinə axınının qarşısını almaqla yanaşı, həmçinin bu sərvətlərin tamamına ABŞ özü əl qoymağı düşünür. ABŞ-Rusiya münasibətləri həmçinin Rusiyaya yaxınlıqları ilə seçilən ölkələrə də öz təsirini göstərə bilər.İranı da bu siyahıda görmək mümkündür. Bu baxımdan, yeni əlaqələrin qurulması ərəfəsində İrana qarşı hər hansı bir hərbi əməliyyatların həyata keçirilməsi, o qədər də inandırıcı görünmür. Trampın, İranın dini liderinə göndərdiyi məktubu da bu istiqamətdə atılan addım hesab etmək olar.Tramp və Putinin mütəmadi telefon görüşmələri və ABŞ-Rusiya münasibətlərinin yeni müstəvidə qurulması regionda Türkiyə üçün hələ ki, yaxşı heç nə vəd etmir. Bu baxımdan Türkiyədə baş verən hadisələr ölkənin hər iki qütbündə hərəkətliliyə səbəb oldu. Əslində hadisələr Suriyadan başladı.Yerli ələviləri silahlandırıb, hakimiyyətə qarşı silahlı müqavimət göstərmək təşəbbüsləri ilə, siyasi sifarişləri həyata keçirmək cəhdlərinin qarşısı alındı.Daha sonrası da ölkədə dünəndən baş verən hadisələr fonunda ölkədə sabitliyin pozulmasına edilən cəhdləri qeyd etmək olar. Hesab edirəm ki, hadisələrin tamamı kənardan idarə olunur və bu səbəbdən hökumət nə lazımdırsa edəcək və ölkənin sabitliyinin pozulmasına imkan verməyəcək" - deyə, ekspert əlavə edib.
Çingiz Şahbazi, siyasi şərhçi
Demokratikmusavat.com