İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqasının 1/4 finalının Almaniya ilə oyunundan gözləntisini açıqlayıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəsssin bu barədə fikrini təqdim edir:
“Almaniya yığması ilə oyunların xüsusi lətafəti var – hər iki komanda zəngin tarixə malikdir. Bizi möhtəşəm oyunun gözlədiyinə şübhə etmirəm. Hər iki komanda qələbə qazanmağa səy göstərəcək. Biz öz futbolumuzu oynayacağıq. Almanlar öz səviyyələrini göstərməyə çalışacaqlar, biz isə bunun öhdəsindən gəlməyə çalışacağıq. Amma biz qalib gəlmək istəyirik”, deyə Spalletti vurğulayıb.
Xatırladaq ki, İtaliya yığması ilk oyun çərçivəsində Almaniya yığmasını bu gün, martın 20-də Milanın “San Siro” stadionunda qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.
Komandalar arasındakı ikinci oyun isə martın 23-də Dortmundun eyniadlı stadionunda baş tutacaq.