AZ

Nagelsman: “İtaliyanı hər iki oyunda məğlub etmək istəyirik”

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman UEFA Millətlər Liqasının 1/4 finalının İtaliya ilə oyunundan gözləntisini açıqlayıb.

Arena.az alman mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi fikrini təqdim edir:

“Dəfələrlə söylədiyim kimi, qələbə qazanmağa adətkar olmaq bizim üçün vacibdir. Biz mümkün olduğu qədər oyunları qazanmaq və UEFA Millətlər Liqasının qalibi olmaq istəyirik. Amma biz həm də başa düşürük ki, bizə qarşı heybətli rəqib dayanır. Əvvəlcə, İtaliya yığmasını keçmək gərəkdir, məhz sonra qənimət haqda danışmaq olar. Səfərdə heç-heçə bizi qane edəcəkmi? Oyunun necə alınacağına baxacağıq. Amma biz ehtiyatlı olmaq istəmirik – biz hər iki oyunu qazanmaq istəyirik. Sabah (arıtq bu gün – redaktorun qeydi) asan olmayacaq, amma biz hücum etmək və qol vurmaq istəyirik. Amma bununla belə, əlbəttə, müdafiədə etibarlılıq da vacibdir. İtaliya yığması müdafiədə çox güclüdür, amma bu, tazə xəbər deyil”, deyə Nagelsman vurğulayıb.

Almaniya yığmasının kürdəsilli mərkəz hücumçusu Deniz Undav da bundestimin iddiasını ortaya qoyub. O, Almaniya yığmasının UEFA Millətlər Liqasıını qazanmaq istəyini açıqlayıb:

“Bu bizim məqsədimizdir. Başqa məqsəd isə ola da bilməz”, deyə Undav vurğulayıb.

Xatırladaq ki, Almaniya yığması ilk oyun çərçivəsində bu gün, martın 20-də Milanın “San Siro” stadionunda İtaliya yığmasının “qonağı” olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:45-də başladacaq.

Komandalar arasındakı ikinci oyun isə martın 23-də Dortmundun eyniadlı stadionunda baş tutacaq.

Seçilən
60
arena.az

1Mənbələr