“Çelsi”nin qapıçısı Robert Sançes “zadəganlar”ın İngiltərə Premyer Liqasının cari mövsümünü ilk dördlükdə bitirməsi zərurətindən danışıb.
Arena.az ispan qapıçının müvafiq qənaətini təqdim edir:
“Biz hər oyunda mütləq can qoymaq əzmindəyik. ümidvaram ki, mövsümün qalan hissəsində daha çox qələbələr qazanacağıq. Əgər biz ən yaxşıların dördlüyünə düşməsək, komandada hər kəs məyus olacaq”, deyə Sançes vurğulayıb.
Xatırladaq ki, Robert Sançes İngiltərənin “Brayton” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. 26 yaşlı qolkiper Premyer Liqa təmsilçisində bütövlükdə 90 matça çıxıb, 102 qol buraxıb, 29 “quru” matç keçirib. Qapıçı “Roçdeyl” və “Forest Qrin Rovers” klublarında icarədə də olub.
“Çelsi” Sançesi 2023-cü ilin avqust ayında 23 milyon avro müqabilində heyətinə qatıb. Onun London klubu ilə 2030-cu ilin 30 iyununa qədər müqaviləsi var. Robert “zadəganlar”ın heyətində indiyə qədər 46 oyuna çıxıb, 61 qol buraxıb, 10 oyunda qapısını toxunulmaz saxlayıb.
Robert Sançes 2021-ci il sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyun keçirib, 2 qol buraxıb, 2 oyunda qapısını “quru” saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.