Bu gözəl, mehriban, səmimi və söhbətə açıq insanlarla ünsiyyətdən aldığım ən xoş təəssürat sözlə ifadə ediləsi deyil. İki dəfə Bakıda olublar, şəhərimiz və insanlarımız haqda öz maraqlı təsəvvürləri var. Fərdad bəyin əmisi və bibisi, eləcə də əmisi oğlu, İranlı mühacirlər Cəmiyyətinin sədri, əmisinin adını daşıyan Firudin İbrahimi ilə şəxsən tanışlığım, atamın da 21 Azər hərəkatının fəal iştirakçılarından biri və özümün iranşünas olmağım söhbətimizə əlavə ovqat qatdı. Fərhad bəy o qədər maraqlı həmsöhbətdir ki, ondan mənim gənc jurnalist dostuma, dünyada maraqlı bildiyi insanların övladlarını axtarıb tapan və geniş oxucu dairəsinə təqdim edən Hafiz Əhmədova müsahibə verməsini xahiş etdim. Məmnuniyyətlə razılıq verdi. Yalnız hansı dildə olacağını soruşdu. Xanımından fərqli olaraq Fərhad bəy təmiz azərbaycanca danışır, Hafizin də ingilis dilini mükəmməl bildiyini söylədim. "Hafiz, müsahibəyə hazırlaş".
Təbii ki, dəfələrlə gəlib-getdiyim və hər tərəfinə səfər etdiyim Hollandada ilk olaraq getdiyim məkan 25 ilə yaxın Qafqaz üzrə nümayəndəsi olduğum, Amstetdamda yerləşən Beynəlxalq Sosial Tarix İnstitutudur. İdeyası 1927-ci ildə yaranmış, 1935-ci ildə əsası qoyulmuş və sosial tarix, əsasən sol hərəkatlar üzrə dünyada yeganə arxiv və araşdırma mərkəzi olan bu institutun 27 km. uzunluğunda, sayı milyonlarla olçülən sənədlər, foto, kino, xəritə və digər mənbələrdən ibarət çox zəngin arxivi var. Dünyanın ən müxtəlif nöqtələrindən bura tədqiqatçılar gəlir. Özüm bu arxivdə aylarla çalışmışam. İnstitutun Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qafqaz üzrə departamentinin rəhbəri olan prof. Turac Atabəki ilə bizim arxiv idarələri və bir sıra elmi müəssisələr arasında bağlanan müqavilələr əsasında bu arxiv-institutda Azərbaycana aid də sənədlər saxlanılır, Azərbaycandan alimlər və tədqiqatçılar dəvət olunublar.
T. Atabəkinin dəstəyi ilə BSTİ tərəfindən Bakıda 5 dəfə çox nüfuzlu beynəlxalq konfranslar keçirmişik. Onların ən məşhuru Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə (rəhmətlik Namiq Abbasovun sədrliyi ilə) Stalin repressiyalarına həsr olunmuş beynəlxalq konfrans idi ki, inanın, BSTİ -nin saytı vasitəsilə bütün dünyada, xüsusilə beynəlxalq elmi və ictimai-siyasi mühitdə görünməmiş əks-səda doğurmuşdu. Azərbaycan repressiyalarla bağlı öz arxivini alimlərə, o cümlədən xarici tədqiqatçılara açan ilk keçmiş sovet respublikası kimi geniş tanınmışdı. Bu konfranslar sırasında həmçinin 22 ölkənin təmsilçiliyi ilə "Qadınlar dünya sferasında" adlı çox möhtəşəm elmi tədbir də qeyd olunmalıdır ki, hind xanımlarının bu sahədə nə qədər nüfuzlu söz sahibi olması ilə məni heyrətə gətirmişdi.
Bu institut indi də geniş fəaliyyət göstərir və arxivləri bütün alimlərin, xüsusilə gənc tədqiqatçıların üzünə açıqdır. Son illər institutun geniş elmi problemlər sırasında prioritet istiqamət kimi miqrasiya məsələləri də yer alıb. Bundan əlavə, ənənəvi sosial tarix mövzuları da öz yerində.
Prof. Atabəki ilə danışırıq, Azərbaycandan bu mövzularda işləyən bir nəfər gənc, ciddi tədqiqatçının 6 aylıq bütün xərcləri ödənilməklə BSTİ-na dəvət etməyin mümkünü var. Gənc deyərkən, burada yenicə PhD dərəcəsi almış, yaxud bu istiqamətdə işləyən, (dissertant, aspirant, yəni ilkin tədqiqatçı təcrübəsi olan) şəxslər nəzərdə tutulur. Mövzu, dövr, ölkə və s. seçimində tədqiqatçı azaddır, lakin mütləq ingilis dilini bilməlidir. Tədqiqatçı hətta artıq işlədiyi mövzu ilə də gəlib BSTİ-nin arxivi və digər geniş imkanlarından faydalana bilər, yalnız sonda 40-50 səhifəlik bir referat təqdim etməlidir.
Gənc tədqiqatçı dostlarım, fikirləşin, bu şansdan istifadə edin, belə ki, bu 6 aylıq elmi məzuniyyət yalnız hər hansı mövzu üzərində sərbəst işləmək imkanından əlavə, institutun keçirdiyi çoxsaylı elmi konfrans, seminar, dəyirmi masalarda iştirak etmək, ayrı-ayrı mövzulara dair müxtəlif elmi yanaşmalarla tanışlıq, fərqli fikir mübadilələri aparmaq və d. elmi bazalara yiyələnmək, dünyanın ən müxtəlif elmi mərkəzləri, alimləri və tədqiqatçıları ilə əlaqələr yaratmaq imkanları açır. Qərar verən gənc tədqiqatçılar bayramlardan sonra mənimlə əlaqə saxlasınlar.
Turac Atabəyidə1900-cü ildən başlayaraq onillərlə İranda Azərbaycan mühacirəti tarixinə kimi İran XİN-də saxlanılan zəngin arxiv materialları vardır. Bu materiallar arasında təbii ki, 1920-1950-ci illər Cümhuriyyət dövrü Azərbaycandan İrana mühacirət etmiş, bu ölkədə qalmış və ya az sonra onu tərk etmiş şəxslər haqda məlumatlar əsas yer tutur. Məhz bu istiqamətdə birgə layihə üzərində işləmək qərarı veririk. Mən dərhal çox qiymətli gənc tədqiqatçı dostum Dilqəm Əhmədə zəng edirəm, onu Turac bəylə əlaqələndirirəm, Dilqəm bu mövzuda dərc etdiyi kitabın PDF variantını göndərir, Dilqəmin bu proyektdə iştirakını vacib sayıram, görək nə çıxacaq...
Burada yazımı kəsirəm... İlin təhvil olunmasına dəqiqələr qalır. Bu yeni ili qarışıq İran- Azərbaycan Novruz süfrəsi ətrafında qarşılayırıq. Çox səliqəli və yüksək zövqlü Şərarə xanım İran ənənələrinə müvafiq olaraq "Həft sin" - "s" hərfi ilə başlayan 7 nemətdən ibarət Novruz süfrəsi qurub: 1. Səbzi ya sünbül (hər ikisi var), 2. Səməni (bizdən fərqli bişmiş), 3. Sib (alma), 4. Sirkə, 5. Sumax, 6. Sarımsaq, 7. Sencer (iydə).
Masaya həmçinin adət üzrə Hafizin "Divan"ı qoyulub, iştirakçıların adına hərəyə bir şam yandırılıb. Holland vaxtı ilə 10.01-də İl təhvil oldu, televiziyada BBS- İran redaksiyasının Novruz proqramı səsləndirilir, İranın ən məşhur kino aktrisası Şöhre Ağdaşlu Hafizdən beytlər oxuyur.
Novruz masasında Azərbaycan bizim ənənəvi şirnilərimiz - paxlava, şəkərbura, badambura, şorqoğalı, mütəkkələr, ev üsülunda hazırlanmış qozlu qənd və əncir qurusundan şirni ilə təmsil olunub. Əlbəttə, mən də daxil.
İl təhvil oldu! Qucaqlaşdıq, yeni ilimizi təbrik etdik, gedənləri yada saldıq, qalan bütün dostlara, yaxınlarımıza salamatlıq, xalqlarımıza layiqli yaşam və firavanlıq , dövlətlərimizə sülh, əmin-amanlıq arzuladıq.
Novruzunuz mübarək, əziz dostlar! Ən xoş arzularla...