Rusiyanın Krasnodar diyarının Kavkazski rayonunda yanan neft anbarında partlayış baş verib və yanğın ikinci çənə keçib.
Musavat.com xəbər verir ki, məlumatı regional əməliyyat qərargahı yayıb.
Bildirilir ki, söndürmə prosesi zamanı yanan çəndə təzyiqin artması nəticəsində neft məhsullarının partlaması və yanan neftin ətrafa dağılması baş verib. Nəticədə 3 ədəd texnika sıradan çıxıb, 2 yanğınsöndürən yaralanıb, yanğın digər çənə keçib. Yanğının ümumi sahəsi 10 min kvadratmetrə çatıb.
Qeyd edək ki, neft anbarı Donald Trampla Vladimir Putin arasında enerji obyektlərinə zərbə endirilməməsinə dair martın 18-də razılaşma əldə olunan vaxt vurulub. Rusiya tərəfi bunu razılaşmanın Ukrayna tərəfindən pozulması kimi təqdim etməyə çalışır.
Onu da bildirək ki, yanan neft anbarı Rusiya neftinin dəmir yol çənlərindən Xəzər Boru Konsorsiumu boru kəmərinə vurulması üçün istifadə olunurdu. Kəmər nefti Novorossiysk limanına çatdırır. Onunla həmçinin Qazaxıstan neftinin də Qara dəniz limanına nəqli həyata keçirilir.