Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında “Hisense ABŞ” yə qarşı qrup iddiası qaldırılmışdı.
Belə ki, şirkəti öz “QLED” televizorlarında kvant nöqtə texnologiyasından istifadə edilmiş kimi reklam edərək istehlakçıları çaşdırmaqda ittiham edirdilər.
Hadisənin təfərrüatı hələ məlum olmasa da, digər istehsalçı da oxşar hadisə ilə üzləşib, bu dəfə yeni ittiham “TCL”yə ünvanlanıb.
Kvant nöqtələri diametri 2-10 mm olan kadmium selenid və ya indium fosfid kimi yarımkeçirici materialların nanohissəcikləridir.
Ötürülən işığın uzunluğu məhz bu hissəciklərin ölçüsündən asılıdır, elektromaqnit şüalanmasının təsiri altında davranışları isə kvant mexanikasının qanunlarına tabedir. Bunun sayəsində “QLED” panellər adi LED ekranlarla müqayisədə daha detallı rəng çalarlarının ötürülməsi ilə yanaşı, həm də daha yüksək parlaqlıq təmin edir.
Bu nöqteyi-nəzərdən “Hisense” və “TCL” öz “QLED televizorlarında kvant nöqtələrindən istifadə etməməkdə və ya sözü gedən hissəciklərdən şəkil keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər az miqdarda istifadə etməkdə ittiham olunurlar.
Belə ki, bu səbəblə “TCL”nin Şimali Amerika bölməsinə qarşı kaliforniyalı Stephan Herrick iddia qaldırıb. O, keçən il “Amazon”dan 55 düyümlük “TCL Q651G QLED” televizorunu əldə edib və televizorun kvant nöqtə texnologiyasına əsaslanaraq daha yaxşı görüntü keyfiyyətini və daha zəngin rəngləri təmin edəcəyini hesab edib.
Lakin bir müddətdən sonra istədiyi görüntünü əldə edə bilməyən Herrik, cihazın texniki xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir qənaətə gəlib ki, aldığı televizorda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı təsvirin ötürülməsi keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər azdır.
Ərizədə Herrik qeyd edib ki, əgər o və digər istehlakçıların “TCL” televizorlarının sözügedən bu xüsusiyyəti haqqında əvvəlcədən məlumatı olsaydı, belə bir məhsula nə bu qədər pul ödəyərdilər, nə də ümumiyyətlə satın alardılar.
“TCL” istehlakçıları aldatmaq üçün saxta məlumatlar paylaşır. Bu səbəbdən də “TCL QLED TV” sahibləri əsassız yüksək məbləğ ödəyərək itkilərə məruz qalıblar”, - deyə, Herrik öz açıqlamasında bildirib.
Şərq Sahilində isə “Hisense”a qarşı oxşar iddia Nyu-York sakini Robert Macioce tərəfindən qaldırılıb. Belə ki, o, 2023-cü ilin noyabrında “Best Buy”dan 43 düymlük Hisense “QLED” televizoru alıb.
Matsios iddia edir ki, istehsalçı öz televizorlarını kvant nöqtələri əsasında işləyən məhsul kimi qələmə verərək istehlakçıları çaşdırır. İddia müəllifi əmindir ki, televizorlarda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı o qədər azdır ki, görüntünün keyfiyyətinə təsir etmir.
İddiaçılar “TCL” və “Hisense” şirkətlərini yanlış məlumat yaymaqda ittiham edir, belə ki, istehlakçılar gözləntilərini doğrultmayan televizorlar üçün külli miqdarda pul vəsaiti ödəmiş olurlar.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreyada da “TCL”ə qarşı oxşar iddia yerli “Hansol Chemical” şirkəti tərəfindən qaldırılıb. Belə ki, şirkətin “TCL QLED” televizor modelinin üzərində keçirdiyi müstəqil sınaqların nəticəsi olaraq sözügedən televizorlarda kvant nöqtə texnologiyasının əsas elementlərindən olan indium və kadmiumun olmadığı aşkar edilib.
Bu məsələ ilə bağlı “Hansol” Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyasına şikayət ərizəsini təqdim etmişdir. Buna cavab olaraq, “TCL” öz test nəticələrini açıqlayaraq şirkətin istehsal etdiyi televizorlarda şikayətdə göstərilən materialların, o cümlədən hər kiloqramda 4 mq kadmiumun olduğunu iddia edib. Mütəxəssislərin fikrincə isə, qeyd edilən bu rəqəm o qədər cüzidir ki, onun istifadəsi təsvirin keyfiyyətinə çətin ki, təsir etsin.
İddialara baxılması nəticəsində “TCL və Hisense” nüfuzuna ciddi ziyan vurula bilər, həm də iddiaların doğulduğu halda hər iki şirkət cərimələrlə üzləşə bilər. İddiaçılar məhkəmədə qalib gələrsə, şirkətlər müştərilərə təzminat ödəməli və məhsulun marketinq strategiyalarına yenidən baxış keçirməli olacaqlar.
Mənbə: Home Theater Review